İkinci Dünya müharibəsindən sonra yaranan dünya nizamı faktiki olaraq dağılıb. BMT və onun Təhlükəsizlik Şurası yaranmaqda olan yeni dünya nizamının tələblərinə cavab vermir. Sülh Şuranının yaranmasından sonra BMT-nin rolunun daha da azalacağı qorxusu var. 




İddialara görə, bu proseslərin davamı kimi BMT-nin ləğvi də mümkündür. 




Bəs bu iddia reallığa nə dərəcədə uyğundur?




Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Polad Mehdiyev İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın artıq mövcud güc balansına uyğun gəlmədiyini bildirib. 




Şərhçi hesab edir ki, bu nizamın əsas dayağı olan Birləşmiş Millətlər Təşkilatı və xüsusilə Təhlükəsizlik Şurası müasir münaqişələrə effektiv cavab verə bilmir:


 





“Ukrayna müharibəsi, Qəzza böhranı və Yaxın Şərqdə davam edən qarşıdurmalar göstərdi ki, veto mexanizmi üzərində qurulan kollektiv təhlükəsizlik sistemi faktiki olaraq iflic vəziyyətindədir. Bu şəraitdə beynəlxalq müzakirələrdə yeni bir anlayış-şərti olaraq “Sülh Şurası” adlandırılan paralel mexanizm ideyası gündəmə gəlir. Bu, hələ rəsmi beynəlxalq təşkilat deyil, lakin aparıcı dövlətlərin konkret münaqişələr üzrə daha sürətli və praktiki qərarlar qəbul etmək cəhdlərinin ümumi ifadəsidir. Əgər “Sülh Şurası” real institusional formaya düşərsə, onun əsas fərqi hüquqi məcburilikdən çox icraya yönəlməsi olacaq. Burada əsas məsələ daha çox “kim real təsir göstərə və qərarı icra edə bilər?” sualı olacaq. Bu isə beynəlxalq münasibətlərdə güc amilinin açıq şəkildə ön plana çıxdığını göstərir. Belə mexanizmlərin əsas üstünlüyü operativlikdir”.




P.Mehdiyev atəşkəsin təşkili, humanitar yardımın təhlükəsiz çatdırılması və post-münaqişə bərpası kimi məsələlərdə uzun prosedurların əvəzinə daha çevik qərarların mümkün ola biləcəyini əlavə edib:




“Eyni zamanda müəyyən risklər də ola bilər. Məsəlın qərarların dar az sayda dövlətlər arasında qəbul edilməsi beynəlxalq hüququn bərabərlik prinsipini zəiflədə bilər. Düşünürəm ki, BMT tamamilə sıradan çıxmır, amma onun rolu dəyişir. Təhlükəsizlik və məcburetmə sahəsində təsiri azalır, humanitar yardım, inkişaf proqramları və beynəlxalq hüququn normativ çərçivəsi sahəsində isə hələ də əsas platforma olaraq qalır. Bu gün BMT beynəlxalq sistemin hüquqi əsasını təşkil edir. Onun ləğvi çox böyük boşluq yaradar. Tarix göstərir ki, beynəlxalq qurumlar ləğv olunmur, sadəcə paralel mexanizmlərlə zəiflədilir və tədricən transformasiya olunur”.




Fidan Hacızadə

Sfera.az