Davosda taxdığı günəş eynəkləri ilə xəbər başlıqlarına çıxan Fransa Prezidenti Emmanuel Makron sosial mediada böyük maraq doğurub. Onun bu aksesuarı qısa müddətdə trendə çevrilərək brendin satışlarında ciddi artıma səbəb olub.


 


Sfera.az xəbər verir ki, yüksək tələbat fonunda brendə məxsus səhmlər kəskin bahalaşıb və şirkətin bazar dəyəri təxminən 4,1 milyon dollara yüksəlib.


 


Makronun günəş eynəkləri ABŞ Prezidenti Donald Trampın da diqqətini çəkib. Dünya İqtisadi Forumunda Fransa liderinin stili Trampın zarafat mövzusuna çevrilib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


 


Qeyd edək ki, çox danışılan günəş eynəyi Fransanın məşhur “Henry Jullien” brendi tərəfindən istehsal olunan, 659 avro dəyərində olan “Pacific S 01 Double Gold” modelidir. Məhz bu modelin satışları son günlər rekord səviyyəyə çatıb.


 


Brendin İtaliyada yerləşən ana şirkəti **“iVision Tech”**in səhmləri bir gün ərzində 28 faiz artıb. Nəticədə şirkətin bazar dəyəri təxminən 4,1 milyon dollar olub. Şirkətin baş direktoru Stefano Fulchir bildirib ki, Makron bu günəş eynəyini 2024-cü il G20 Zirvəsində diplomatik hədiyyə kimi əldə edib və daha sonra eyni modeldən ikinci cüt də alıb.


 


Makron özünü göstərir, yoxsa xəstədir?


 


Makronun görüntüsü sosial mediada da geniş rezonans doğurub. Bəzi istifadəçilər onu “özünü göstərməkdə” ittiham ediblər. Fransa mətbuatı isə prezidentin gözündə subkonyunktival qanaxma (gözün ağ hissəsində qan sızması) ola biləcəyini iddia edib.


 


Xatırladaq ki, Makron daha əvvəl keçirilən tədbirlərdən birində də oxşar günəş eynəyi taxmış və həmin vaxt “gözlərimin xoşagəlməz görünüşünə görə üzrlü sayın” deyə açıqlama vermişdi.


 


Aynil