Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa ölkələrini tənqid etməsi qitənin mövcud siyasətlərlə “yavaş-yavaş özünü öldürməsi” fikrinə əsaslanıb.


 


Sfera.az xəbər verir ki, Miller “Fox News”-a verdiyi müsahibədə qeyd edib ki, Trampın Davosdakı çıxışı Avropa ilə bağlı indiyə qədər səsləndirdiyi ən vacib açıqlamalardan biri olub.


 


Onun sözlərinə görə, Avropa enerji sektorunu sərt qaydalarla zəiflədir, işləməyən yaşıl enerji modellərindən asılı vəziyyətə düşür, məsuliyyətsiz miqrasiya siyasəti aparır və illərdir ordusuna investisiya qoymamaqla təhlükəsizliyini ABŞ-nin üzərinə yükləyir.


 


Xatırladaq ki, Tramp yanvarın 21-də Dünya İqtisadi Forumunda çıxışı zamanı Vaşinqtonun yalnız güclü müttəfiqlərlə maraqlandığını bildirib və Avropanı siyasətini dəyişməyə çağırıb.


 


O, Avropa ölkələrinin “enerji çöküşü” yaşadığını və ABŞ-nin hərbi dəstəyi olmadan bir çox ölkənin ciddi təhlükəsizlik təhdidləri ilə üzləşəcəyini vurğulayıb. “The Washington Post” qəzeti isə yanvarın 23-də adı açıqlanmayan Avropa liderinə istinadən yazıb ki, Avropa Tramp administrasiyasının ona qarşı etinasız münasibətini unutmamağı planlaşdırır.


 


Niyaz Hacıyev


Sfera.az