Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, Qrenlandiya ilə bağlı mümkün razılaşma ABŞ-yə heç bir ödəniş etmədən strateji məqsədlərinə nail olmağa şərait yaradacaq.
Sfera.az xəbər verir ki, Miller “Fox News”-a verdiyi açıqlamada Qrenlandiyanın Amerikanın milli və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidentinin yanaşması nəticəsində Vaşinqton Qrenlandiya ilə bağlı ehtiyac duyduğu imkanlara maliyyə öhdəliyi olmadan sahib ola bilər. ABŞ Prezidenti Donald Tramp da daha əvvəl “Fox Business”-ə müsahibəsində bildirib ki, Vaşinqton Qrenlandiya üçün heç bir ödəniş etməyəcək və adaya lazımi hərbi giriş əldə edəcək.
Yanvarın 21-də NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra Tramp Qrenlandiya ilə bağlı razılaşmanın konturlarının formalaşdığını açıqlayıb. “Axios”-un məlumatına görə, Ruttenin təqdim etdiyi razılaşma layihəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunması və 1951-ci il müdafiə sazişinin şərtlərinin yenilənməsi nəzərdə tutulur. Layihə NATO-nun zəruri hesab etdiyi halda ABŞ-yə adada hərbi bazalar və “müdafiə zonaları” yaratmaq imkanı verə bilər.
Niyaz Hacıyev
Sfera.az