Bir sıra bitkilər insan sağlamlığının qorunmasında və xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.


 


Sfera.az xəbər verir ki, bu bitkilərin gündəlik qidalanmaya daxil edilməsi immun sisteminin güclənməsinə və orqanizmin ümumi vəziyyətinin yaxşılaşmasına töhfə verir. Zəncəfil iltihabəleyhinə xüsusiyyətləri ilə seçilir və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Eyni zamanda soyuqdəymə və ürəkbulanma hallarında faydalı hesab olunur. Sarımsaq isə təbii antibiotik kimi tanınır.


 


Sarımsağın müntəzəm qəbulu immuniteti gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır və ürək-damar xəstəlikləri riskini azaldır. Sarıkök bitkisinin də sağlamlıq üçün əhəmiyyətli olduğu vurğulanır. Sarıkökün tərkibindəki kurkumin maddəsinin iltihabı azaltdığı və bəzi xroniki xəstəliklərin qarşısının alınmasına kömək etdiyi bildirilir. Bundan başqa, nanə və çobanyastığı kimi bitkilər sinir sisteminə sakitləşdirici təsir göstərir. Bu bitkilərdən hazırlanan çaylar stressin azalmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.


 


Qeyd edək ki, bitkilər sağlamlıq üçün faydalı olsa da, onların ölçüsüz və həkim məsləhəti olmadan istifadəsi arzuolunmazdır. Xüsusilə xroniki xəstəliyi olan şəxslərə bitki mənşəli vasitələrdən istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etmək tövsiyə olunur.


 


Niyaz Hacıyev


Sfera.az