“Amerika lideri Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirməklə əldə edə biləcəyi yeganə real nəticə tarix dərsliklərinə düşmək ola bilər”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Avstriyanın keçmiş xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. mərkəzinin rəhbəri Karin Knaysl səsləndirib. Knaysl bildirib ki, Trampın belə bir addım atmaq istəməsinin məntiqli izahı onun ABŞ ərazisini təxminən iki milyon kvadrat kilometr artıran lider kimi tarixə düşmək arzusudur.
Onun sözlərinə görə, bu, Tramp üçün simvolik və siyasi baxımdan cəlbedici görünə bilər. Keçmiş nazir ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası və bu strategiyanın Rusiya və qlobal siyasətə təsiri mövzusunda keçirilən müzakirə zamanı Qrenlandiyanın iqtisadi potensialına da toxunub. Knaysl qeyd edib ki, ABŞ-nin Qrenlandiyadan əldə edə biləcəyi təbii resurslar nəzəri baxımdan cəlbedici olsa da, hazırkı qlobal iqtisadi şərait ciddi problemlər yaradır. Onun sözlərinə görə, dünyada yaşanan dərin iqtisadi tənəzzül fonunda əmtəə qiymətlərinin aşağı səviyyədə qalması resurs hasilatını iqtisadi baxımdan səmərəsiz edir. Tələbatın azalması qiymətlərin düşməsinə səbəb olur və bu da istehsal xərcləri yüksək olan ölkələri daha çətin vəziyyətə salır. Knaysl xüsusilə hidravlik qırılma kimi mürəkkəb və baha texnologiyalarla aparılan qazma işlərinin risklərinə diqqət çəkib.
Bundan əlavə, o, Qrenlandiyada yüksək maaşla işləməyə hazır ixtisaslı kadrların çatışmazlığını, xammal qiymətlərinin uzun müddət aşağı qalacağı ehtimalını və davam edən geosiyasi qeyri-müəyyənliyi əsas maneələr kimi göstərib. Knaysl vurğulayıb ki, belə şəraitdə ABŞ üçün Qrenlandiyanın potensial “51-ci ştat” kimi hansı real iqtisadi və strateji fayda verəcəyi sual altındadır.
Fidan Hacızadə
Sfera.az