Cəmiyyətdə geniş şəkildə “sağlam qida” kimi qəbul edilən bəzi məhsullar əslində insan sağlamlığı üçün ciddi risklər daşıya bilər.


 


Sfera.az xəbər verir ki, marketinq və yanlış qidalanma vərdişləri insanların sağlam seçim etdiyini düşünməsinə səbəb olsa da, elmi faktlar tam fərqli mənzərə ortaya qoyur. Araşdırmalara görə, xüsusilə ultra-emal olunmuş qidalar, paketlənmiş “fit” məhsullar, hazır səhər yeməkləri, şəkərli yoqurtlar və granola batonları və.s yüksək şəkər, duz və doymuş yağ tərkibinə malikdir.


 


Bu tip qidalar tez-tez az kalorili və ya sağlam adı altında satılsa da, uzunmüddətli istifadəsi ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə və erkən ölüm riskinin artması ilə əlaqələndirilir. Beynəlxalq miqyasda aparılan geniş əhali tədqiqatlarında müəyyən edilib ki, gündəlik qidalanmada ultra-emal olunmuş məhsulların payının artması sağlamlığa mənfi təsir göstərir.


 


Bildirilib ki, bu cür qidalar toxluq hissi yaratmadığı üçün insanlar daha çox yeməyə meyllənir və nəticədə metabolik problemlər yaranır. Həmçinin şəkər əlavə edilmiş yoqurtlar, təbii adı ilə satılan meyvə suları və fitness qəlyanaltıları barədə də xəbərdarlıq edilib. Bu məhsulların bəziləri bir porsiyada gündəlik tövsiyə olunan şəkər miqdarını aşa bilir. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün risk yaradır. Digər diqqət çəkən məqam isə sağlam hesab edilən meyvə və tərəvəzlərdə pestisid qalıqlarıdır. Araşdırmalar bəzi meyvə növlərində pestisid səviyyəsinin normadan yüksək ola biləcəyini göstərir. Bu da uzunmüddətli istehlak zamanı hormonal və immun sisteminə mənfi təsir göstərə bilər.


 


Fidan Hacızadə


Sfera.az