Kosmetik vasitələrin xərçəng yaratması ilə bağlı iddialar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.


 


Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi mənbələrdə yayılan bu fikirlər narahatlıq doğursa da, xarici elmi araşdırmalar və nüfuzlu səhiyyə qurumları məsələyə daha ehtiyatlı yanaşır.


 


ABŞ-nin “American Cancer Society” təşkilatının açıqlamasına görə, gündəlik istifadə edilən kosmetik vasitələrin normal dozalarda xərçəngə səbəb olduğuna dair qəti və güclü elmi sübut mövcud deyil. Təşkilat bildirir ki, bəzi maddələr laboratoriya şəraitində yüksək dozada sınaqdan keçirilsə də, real həyatdakı istifadə səviyyəsi bu risklərlə eyni deyil. Eyni zamanda, Böyük Britaniyanın “Cancer Research UK” qurumu da oxşar mövqe sərgiləyir. Qurumun məlumatında qeyd olunur ki, dezodorantlar, makiyaj vasitələri və digər kosmetik məhsulların süd vəzi xərçəngi və ya digər xərçəng növləri ilə birbaşa əlaqəsini sübut edən elmi dəlil yoxdur. Araşdırmalarda əsas diqqət bəzi kimyəvi maddələr, məsələn, 1,4-dioksan və ağır metal izlərinə yönəldilir.


 


Məlumatlara əsasən, bu maddələr laboratoriya tədqiqatlarında riskli hesab edilsə də, kosmetik məhsullardakı miqdarın insan sağlamlığı üçün təhlükə yaradacaq səviyyədə olmadığı bildirilir.


 


Fidan Hacızadə


Sfera.az