Danimarka Şimali Atlantika Alyansından (NATO) Arktika bölgəsinə xüsusi prioritet ayırmağı xahiş edib.
Sfera.az xəbər verir ki, Baş nazir Mette Frederiksen bu barədə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı açıqlama verib. “Ritzau” agentliyinin sitat gətirdiyi Frederiksen bildirib ki, NATO bu çağırışı dəstəkləyib və hazırda prioritetin praktikada necə həyata keçiriləcəyi müzakirə olunur. Məlumata görə, Danimarka daha əvvəl Qrenlandiya və Arktikaya yönəlik milyardlarla dollarlıq investisiyaların müdafiə və təhlükəsizlik xərcləri kimi tanınması üçün çalışıb.
NATO ölkələri isə iyun ayında Haaqada keçirilən sammitdə müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər. “Ritzau”nun yazdığına görə, NATO-nun Qrenlandiyada daimi hərbi kontingent yerləşdirməsi variantı da nəzərdən keçirilir və ada buna hazırdır. Bu arada, NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mümkün razılaşmanın konturlarının formalaşdığını bildirib. “Axios”-un məlumatına əsasən, razılaşma layihəsi Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunmasını və 1951-ci il müdafiə sazişinin yenilənməsini nəzərdə tutur ki, bu da ABŞ-yə zərurət yaranacağı halda adada hərbi bazalar və müdafiə zonaları yaratmağa imkan verəcək.
Niyaz Hacıyev
Sfera.az