ABŞ-də Donald Tramp administrasiyasının, Venesuela Prezidenti Nikolas Maduronun “qaçırılması” iddiasından sonra Kubada kommunist hakimiyyətin devrilməsinə yönəlik plan üzərində işlədiyi irəli sürülüb.


 




Sfera.az bildirir ki, "Wall Street Journal"ın (WSJ) mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqton Havana rəhbərliyi daxilində razılaşmaya açıq ola biləcək fiqurları müəyyənləşdirməyə çalışır. ABŞ tərəfi Kubanın iqtisadi vəziyyətini “iflas həddində” qiymətləndirir və Maduronun prosesdən kənarlaşdırılmasının rejimi əvvəlkindən daha kövrək hala gətirdiyini düşünür.


 




WSJ yazır ki, Tramp administrasiyası ilin sonunadək Kubada mövcud hakimiyyətin dəyişdirilməsini hədəfləyən razılaşma üçün zəmin hazırlayır. Bu məqsədlə ABŞ rəsmiləri Mayami və Vaşinqtonda kubalı mühacirlər və müxtəlif təşkilatlarla görüşlər keçirərək, mövcud hakimiyyət daxilində “sonun yaxınlaşdığını anlayacaq” və əməkdaşlığa razı ola biləcək şəxsləri axtarır.


 




Bir ABŞ rəsmisi bildirib ki, əsas məqsəd hazırkı hakimiyyətin içindən bir fiqurun bu prosesə razılıq verməsidir.






Xəbərdə qeyd olunur ki, yanvarın 3-də həyata keçirilən və Maduronun “qaçırılması” ilə nəticələndiyi iddia edilən əməliyyat onun yaxın çevrəsindən bir şəxsin köməyi ilə baş tutub. ABŞ-ın Karakasda keçirdiyi hərbi əməliyyat zamanı Maduronun təhlükəsizlik sistemində yer alan 32 kubalı hərbçi və kəşfiyyat əməkdaşının öldürüldüyü də iddia edilir.


 




Məlumata görə, Vaşinqton Kubaya qarşı açıq şəkildə hərbi təhdid səsləndirməsə də, Tramp administrasiyasındakı bəzi rəsmilər bu əməliyyatı Havana üçün “dolayı xəbərdarlıq” kimi qiymətləndirir.






ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Kubada əsas məhsul və dərman çatışmazlığı, tez-tez elektrik enerjisinin kəsilməsi və yanacaq böhranı yaşanır. Bildirilir ki, Kuba uzun müddətdir Venesuela neftindən asılıdır və Vaşinqton bu xətti kəsməklə rejimi zəiflətməyi planlaşdırır.




İqtisadçıların fikrincə, Kuba bir neçə həftə ərzində yanacaqsız qala bilər ki, bu da ölkə iqtisadiyyatının tam iflicinə səbəb ola bilər.






WSJ-yə danışan mənbələr bildiriblər ki, Tramp və onun yaxın çevrəsi Kubada rejim dəyişikliyini ABŞ-ın Qərb yarımkürəsindəki strategiyasının ən mühüm sınağı hesab edir. Tramp administrasiyası Venesuelada əldə edilən nəticələri “uğur” kimi qiymətləndirir və oxşar təzyiqi Kubaya da tətbiq etmək niyyətindədir.

Məqalədə qeyd olunur ki, Kuba mövzusu ABŞ-ın dövlət katibi Marko Rubio üçün də xüsusi əhəmiyyət daşıyır. Rubio kubalı ailədən olan siyasətçidir və bu məsələni uzun illərdir gündəmdə saxlayır.




Kuba rəhbərliyi isə bu iddiaları rədd edir. Bildirilir ki, ölkədə real güc mərkəzi hələ də 94 yaşlı Raul Kastrodur, Prezident Migel Dias-Kanel isə hökumətin gündəlik fəaliyyətinə nəzarət edir.




Dias-Kanel son açıqlamasında bildirib: “Boyun əymək və ya təslim olmaq ehtimalı yoxdur. Təzyiq və qorxuya əsaslanan heç bir razılaşma qəbul edilə bilməz”.




Gərginliyin artdığı dövrdə Kubada “Milli Müdafiə Günü” keçirilərək “xalq müharibəsi” ssenariləri üzrə hərbi təlimlər təşkil edilib. Xəbərdə qeyd olunur ki, Havananın bəzi bölgələrində yanacaq çatışmazlığı və elektrik kəsintiləri səbəbindən gecələr qaranlıq hökm sürür, əhali isə səssiz etiraz olaraq pəncərələrdən qazan-qab döyür.


 


Altay


Sfera.az