İsrail ordusunun ABŞ-nin İrana mümkün hücumu ehtimalı fonunda bütün istiqamətlər üzrə hazırlıq səviyyəsini artırdığı bildirilir.
Sfera.az bildirir ki, İsrail Ordu Sözçüsü Effi Defrin ABŞ mərkəzli “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, İsrail ordusunun Daxili Cəbhə Komandanlığının göstərişlərində hər hansı dəyişiklik edilməyib.
Defrin bildirib ki, İsrail ordusu həftə ərzində Qəzza zolağı, Livan və işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlar həyata keçirib.
Onun sözlərinə görə, İsrail Baş Qərargah rəisi Eyal Zamir hərbçilərlə görüşlər keçirərək “gözlənilməz vəziyyətlərə hazırlıq səviyyəsini və mümkün ssenariləri” nəzərdən keçirib.
Ordu sözçüsü əlavə edib ki, İsrail ordusu həftə ərzində hazırlıqlarını tamamlayıb və əvvəlki həftələrdə olduğu kimi, yalnız rəsmi açıqlamaların izlənilməsi tövsiyə olunur.
ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirib-keçirməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, İsrail ordusunun ehtiyat tədbirlərini gücləndirdiyi vurğulanır.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla görüşüb. İddialara görə, Netanyahu İranın mümkün cavab zərbələrinə tam hazır olmadıqlarını bildirərək, hücumların təxirə salınmasını xahiş edib.
Altay
Sfera.az