“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu turun oyununa hazırlaşır.


 


Sfera.az Modern.az-a istinadən xəbər verir ki, komandamız 8-ci turda çətin səfər oyununa çıxacaq - İngiltərədə yerli “Liverpul”un qonağı olacaq.


 


“Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00-da başlayacaq. 


 


Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsupial xarakter daşıyır.


 


"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.


 


UEFA ekspertlərinin hesablamalarına görə, "Qarabağ" 90% Çempionlar Liqasının 24 komandası arasına - yəni "pley-off" mərhələsinə çıxışı təmin edib.


 


"Qarabağ" “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək.


 


Belə ki, 8-ci turda keçiriləcək 7 oyunun nəticəsi "Qarabağ" üçün çox maraqlı olacaq.


 


Əgər həmin 7 oyundan 2-sində, məsələn, "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) matçında ingilislər məğlub olmasa, "Qarabağ"ın "pley-off"a yolu istənilən halda avtomatik açılır.


 


"Qarabağ"ın uduzacağı təqdirdə "pley-off"a çıxması üçün açağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan heç olmasa ikisi uduzmamalıdır:


 


"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)


PSV (Hollandiya) - "Bavariya" (Almaniya)


"Monako" (Fransa) - "Yuventus" (İtaliya)


"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)


"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)


"Ayaks" (Niderland) - "Olimpiakos" (Yunanıstan)


"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka)


 


Yeri gəlmişkən, "Qarabağ"ın “pley-off”dakı potensial rəqibləri də artıq məlumdur: komandamız növbəti mərhələdə bu 4 klubdan biri ilə qarşılaşacaq. Bunlar İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və “İnter”, Almaniyanın “Borussiya Dortmund” klublarıdır.


 


Qeyd edək ki, "Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq.