Sosial mediada son günlər abituriyentləri və valideynləri ciddi narahat edən bir iddia müzakirə olunur. Belə ki, buraxılış imtahanında 100 bal toplamayan şagirdlərin ali məktəblərə qəbulun növbəti mərhələsi olan blok imtahanına buraxılmayacağı ilə bağlı xəbərlər sürətlə yayılıb.
Qısa müddətdə geniş rezonans doğuran bu iddialar xüsusilə imtahanlara hazırlaşan minlərlə gənc arasında təşviş yaradıb və sualların sayını artırıb.
Məsələnin nə dərəcədə doğru olub-olmaması isə cəmiyyətdə aktual müzakirə mövzusuna çevrilib.
Bəs bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, abituriyent buraxılış imtahanından 1 bal da toplasa, blok imtahanına buraxılma hüququna malikdir. Ekspert qeyd edib ki, buraxılış imtahanından bal məhdudiyyəti yalnız kolleclərə və qabiliyyət imtahanı tələb edən ixtisaslara tətbiq edilir.
Firuzə Əliyeva
Sfera.az