Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya spesifik müalicəsi olmayan ölümcül Nipah virusunun yayılması qeydə alınıb. Artıq Hindistanda bu virusa yoluxma nəticəsində ilk ölüm halı təsdiqlənib.
Bəs bu virusun dünyada yayılma riski nə dərəcədə yüksəkdir? Nipah virusunun COVID-19 kimi genişmiqyaslı pandemiyaya çevrilməsi ehtimalı varmı?
İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, Hindistanın Kəlkətə şəhəri yaxınlığında yayılan Nipah virusu həkimlər və infeksionistlər arasında ciddi narahatlığa səbəb olub.
Onun sözlərinə görə, bu virus yüksək ölüm riski, peyvəndinin və ya təsdiqlənmiş müalicəsinin olmaması ilə diqqət çəkir:
“Nipah virusunun dünyada geniş yayılma riski praktikada çox azdır. Virus əsasən heyvanlardan insana, xüsusilə meyvə yarasalarından keçərək, həmçinin insanlar arasında bədən mayeləri vasitəsilə yayılır. Həqiqətən də, Nipah virusu havadan yayılan aerozollarla deyil, birbaşa yaxın təmasla ötürülür. Bu səbəbdən genişmiqyaslı yayılma potensialı COVID-19 kimi hava-damcı yolu ilə sürətlə yayılan viruslarla müqayisədə daha aşağıdır. Lakin lokal ocaqlarda infeksiyanın yayılma ehtimalı hələ də mövcuddur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, bu virus səhiyyə işçilərinə və infeksiyalı şəxslərlə birbaşa əlaqədə olanlara keçə bilər”.
İnfeksionist vurğulayıb ki, xüsusiyyətini nəzərə alaraq Nipah virusunun COVID-19 kimi genişmiqyaslı bir pandemiyaya çevrilməsi ehtimalı çox aşağıdır:
“COVID-19-un pandemiya halına gəlməsinin əsas səbəbi virusun havadan yayılması və insandan insana sürətli ötürülmə qabiliyyətidir. Nipah virusu isə əsasən yaxın təmas yolu ilə ötürülür ki, bu da onun qlobal pandemiyaya çevrilməsinin qarşısını alır. COVID-19-un dünya üzrə geniş yayılmasında rol oynayan hava-damcı ötürülməsi Nipahda mövcud deyil. Bununla belə, yüksək ölüm nisbəti və ağır klinik nəticələr ilə Nipah virusu yerli səviyyədə ciddi fəsadlara yol açaraq səhiyyə sisteminə təzyiq göstərə bilər. ÜST və yerli səhiyyə qurumlarının təklif etdiyi izolasiya, karantin tədbirləri və kontakt izləmə bu infeksiyanın daha geniş yayılmasının qarşısını almağa kömək edə bilər. Bu səbəbdən pandemiya halına gəlmə ehtimalı çox azdır, lakin yüksək letallığı səbəbindən ciddi nəzarət altında saxlanılması vacibdir”.
Niyaz Hacıyev
Sfera.az