İngiltərə Futbol Çempionatının 23-cü turu çərçivəsində keçirilən səfər oyununda “Mançester Yunayted” Londonun “Emirates” stadionunda “Arsenal”a 3:2 hesabı ilə qalib gəlib.
Sfera.az xəbər verir ki, qonaq komandanın qollarını Brayan Mbemo (37-ci dəqiqə), Patrik Dorqu (51) və Mateus Kunya (87) vurub. “Arsenal”ın heyətində Mikel Merino 84-cü dəqiqədə fərqlənib. Bundan əlavə, görüşün 29-cu dəqiqəsində “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinez topu öz qapısına göndərib.
Bu qələbə “Mançester Yunayted” üçün Maykl Kerrikin baş məşqçi təyin olunmasından sonra ardıcıl ikinci uğur olub. İngilis mütəxəssis yanvarın 13-də komandanın sükanı arxasına keçib və mövsümün sonuna qədər müqavilə imzalayıb. Əvvəlki turda mankunianlar “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub etmişdilər.
Hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” 50 xalla başçılıq edir. “Mançester Yunayted” isə 38 xalla dördüncü pillədə qərarlaşıb. Növbəti turda “Arsenal” yanvarın 31-də səfərdə “Lids”lə, “Mançester Yunayted” isə fevralın 1-də evdə “Fulhem”lə qarşılaşacaq.
Niyaz Hacıyev
Sfera.az