İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, İrana hücum olarsa müharibə sərhədləri aşacaq.
V.Cəlalzadənin nəzərdə tutduğu ehtimal ABŞ-nin hücumu ilə bağlıdır. Son günlərdə ABŞ hərbi qüvvələrinin İrana yaxınlaşması belə bir hücumun baş verəcəyinə dair ehtimalları gücləndirir.
Bəs İran rəsmisinin Bakıda səsləndirdiyi bu fikirlər nəyi ifadə edir? Bu açıqlamada Azərbaycana yönəlik hər hansı təhdid elementləri varmı?
Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, İran son dövrlər çox gərgin vaxt keçirir.
Onun sözlərinə görə, 12 günlük müharibədən sonra İrana qarşı İsrail və ABŞ-nin birgə zərbələr endirmə ehtimalları artırıqca, Tehran region və beynəlxalq oyunçulara qarşı təhdidlər və xəbərdarlıqlar edir:
“İranın xarici işlər nazirinin müavininin bəyanatını belə kontekstdə xarakterizə etmək olar. Şübhəsiz ki, İranın daxilində gedən proseslər onun öz daxili işidir. Azərbaycan isə bütün region dövlətləri ilə sülh, təhlükəsizlik, tərəfdaşlıq və əməkdaşlıq müstəvisində əlaqələrin qurulmasını təşviq edir və eyni zamanda bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin dayanıqlı olmasını önəmli hesab edir”.
Politoloq qeyd edib ki, İranda baş verənlər daxil olmaqla, heç bir geosiyasi aktor Azərbaycana qarşı diktat və ya təhdid dilində danışa bilməz:
“Hətta İrana qarşı hücum olacağı təqdirdə belə, bunun lokal xarakter daşıyacağı və miqyasının genişlənməyəcəyi ehtimal olunur. Lakin bu cür qorxu, təhlükə və təhdid ifadə edən bəyanatlara yetərli diqqət ayrılmalıdır. Eyni zamanda, müharibənin son çıxış yolu olması və bütün ziddiyyətli, kəskin münaqişə doğuran məsələlərin həlli üçün diplomatik yollar və dialoq həmişə aktual və vacibdir”.
Niyaz Hacıyev
Sfera.az