Azərbaycanda sosial təminat sisteminin əsas sütunlarından biri pensiya və müavinət mexanizmləridir. Hər il pensiyalar ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir və bu mexanizm pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına xidmət edir. Məhz indeksasiyanın hesabına son illərdə pensiyalarda nəzərəçarpacaq artımlar müşahidə olunub.


 


Lakin pensiya yaşına çatsa da, əmək stajı və ya digər hüquqi tələblər səbəbindən pensiya almaq imkanı olmayan şəxslər üçün nəzərdə tutulan yaşa görə müavinətlər bu sistemdən kənarda qalır. Pensiyalardan fərqli olaraq, müavinətlərin məbləği sabit xarakter daşıyır və avtomatik indeksləşdirilmir. Nəticədə, sonuncu dəfə üç il əvvəl artırılan yaşa görə müavinətlər artan qiymətlər və yaşayış xərcləri fonunda real dəyərini itirib. Bu vəziyyət isə müavinət alan və əsas gəlir mənbəyi məhz bu ödəniş olan şəxslərin sosial rifahına ciddi təsir göstərir.


 


Bunu nəzərə alaraq yaşa görə müavinətlər də pensiyalar kimi indeksləşdirilməlidirmi?


 


Mövzu iləl bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın bildirib ki, “Yaşayış minimumu haqqında” Qanunun tələblərinə görə, Azərbaycanda yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.


 


Onun sözlərinə görə, həmin qanunun 1-ci maddəsində yazılır ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.


 



 


İqitisadçı nəzərə çatdırıb ki, qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsə sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimumu həddində vəsait lazımdır:


 


“Bu vəsait, yəni yaşayış minimumu 2026-cı ildə 300 manat həddində müəyyən olunub. Pensiyaçılar üçün isə bu məbləğ 245 manat təşkil edir. Bir insan pensiya yaşına çatandan sonra cəmi 220 manat müavinət alırsa və heç bir yerdən də əlavə yardım almırsa, o zaman minimum səviyyədə yaşmağı üçün ona əlavə 25 manat da lazım olacaq.


Göründüyü kimi, hazırda 220 manat səviyyəsində olan yaşa görə müavinət yaşayış minimumundan da aşağıdır. Bu da “Yaşayış minimumu haqqında” Qanunun tələbləri ilə müəyyən mənada  ziddiyyət təşkil edir”. 


 


Mütəxəssis hesab edir ki, ən qısa müddətdə yaşa görə müavinətin məbləği ən azı yaşayış minimu səviyyəsinə, yəni 245 manata çatdırılmalıdır. Növbəti illərdə də yaşa görə müavinət yaşayış minimuna uyğu artırılmalıdır.


 


Firuzə Əliyeva

Sfera.az