Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığı bərpa etməyə hazırdır və bu məsələdə ABŞ administrasiyasının qərarını gözləyir.
Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan–ABŞ münasibətlərində mövcud vəziyyət Bayden administrasiyası dövründə formalaşıb və hazırda kifayət qədər mürəkkəbdir:
“Gürcüstan–Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst Bayden administrasiyası tərəfindən yaradılıb və çox çətindir. Biz açıq şəkildə bəyan etmişik ki, strateji tərəfdaşlığı sıfırdan, aydın və sağlam əsaslar üzərində bərpa etməyə hazırıq. İndi ABŞ administrasiyasının qərarını səbirlə gözləyirik”, – deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra ciddi şəkildə pisləşib. Bundan əlavə, Baş nazir İrakli Kobaxidzenin ötən il noyabrın 28-də Avropa İttifaqına üzvlük danışıqlarının açılması prosesinin dondurulduğunu elan etməsindən sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlayıb.
Bununla belə, Donald Trampın ABŞ-də prezident seçilməsindən əvvəl də Gürcüstan hökuməti dəfələrlə Vaşinqtonda hakimiyyət dəyişikliyinin ikitərəfli münasibətlərin yenidən qurulmasına imkan yaradacağına ümid etdiyini bəyan edib.
Niyaz Hacıyev
Sfera.az