Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək. Bununla Azərbaycan Almaniya, Avstriyaya da təbii qaz satmaq imkanı əldə edəcək. 


 


Bəs yeni bazarlara çıxış əldə etmək Azərbaycan üçün hansı üstünlüklər yaradacaq?


 


Mövzu iləl bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, TAP sayəsində Azərbaycan fiziki olaraq Avropa İttifaqının (Aİ) yüksək likvid qaz bazarına daxil olub və bu, satışların uzunmüddətli sabitliyini təmin edib. 


 


Onun sözlərinə görə, kəmər ölkənin təkcə alıcı ölkələr baxımından deyil, həm də qiymət formalaşması baxımından diversifikasiyasına imkan yaradıb:


 


“Bundan əlavə, TAP-ın ilkin 10 mlrd m³ ötürücülük gücü texniki olaraq artırıla bildiyi üçün Azərbaycanın ixrac potensialı üçün “açıq qapı” rolunu oynayır. Avropanın qaza tələbatı artdıqca TAP Azərbaycanın etibarlı təchizatçı imicini gücləndirən əsas alətə çevrilib. Nəticə etibarilə, TAP Azərbaycan qazının Avropada uzunmüddətli mövcudluğunun institusional təminatıdır”.


 



 


Mütəxəssis qeyd eib ki, SOCAR-ın TAP-da səhmdar olması bir neçə mühüm dividend yaradır:


 


“Birincisi, SOCAR tranzit gəlirlərində və kəmərin əməliyyat mənfəətində birbaşa pay əldə edir ki, bu da onu yalnız xammal ixracatçısı deyil, həm də gəlir yaradan infrastruktur iştirakçısına çevirir. İkincisi, səhmdarlıq SOCAR-a tarif siyasəti, genişlənmə qərarları və kommersiya strategiyasında söz haqqı verir. Üçüncüsü, bu iştirak Azərbaycan qazının Avropaya çıxışının uzunmüddətli və hüquqi baxımdan qorunan olmasını möhkəmləndirir. Nəhayət, TAP-da pay SOCAR-ın Avropa qaz dəyər zəncirində mövqeyini gücləndirərək şirkətin regional deyil, qlobal enerji oyunçusu statusunu dəstəkləyir. Bu baxımdan da Azərbaycanın qaz ixracı coğrafiyasının Avropada genişlənməsi ümumən ölkəmizin bu məkanda enerji təhlükəsizliyində oynadığı rolu artırır və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanları ortaya qoyur”.


 


Firuzə Əliyeva

Sfera.az