Ermənistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrdə yeni mərhələ başlayıb. Ermənistan Azərbaycan vasitəsilə taxıl və neft məhsullarının tranziti prosesinə start verib və bu marşrutun fəaliyyəti artıq regionda ciddi maraq doğurur.
Son məlumatlara görə, Ermənistan indi bu marşrutdan mayeləşdirilmiş təbii qazın (LNG) idxalı imkanlarını da nəzərdən keçirir.
Maraqlıdır, Azərbaycan dəmir yolu Ermənistan üçün nə dərəcədə əlverişlidir? Azərbaycanın bu tranzitdən qazancı necə olacaq?
Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Birliyinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə əsasən, Ermənistanın LNG idxalını da bu marşrutla nəzərdən keçirməsi daha çox logistika və təhlükəsizlik amilləri ilə bağlıdır.
“Ənənəvi marşrutlar, xüsusilə Yuxarı Lars yolu, iqlim və texniki səbəblərdən tez-tez bağlandığına görə Ermənistan üçün sabit və proqnozlaşdırıla bilən alternativlər aktuallaşıb”, - deyən ekspert vurğulayıb ki, məhz bu baxımdan Azərbaycan dəmir yolu infrastrukturu regionda ən işlək və yüklənməyə davamlı şəbəkələrdən biri hesab olunur:
“Azərbaycan dəmir yolu Ermənistan üçün texniki və logistika baxımından kifayət qədər əlverişlidir. Yol infrastrukturu modernləşdirilib, yük daşımalarında böyük həcm və fasiləsiz tranzit təcrübəsi var. Dəmir yolu ilə daşımalar hava şəraitindən daha az asılıdır və iri həcmli, o cümlədən enerji məhsullarının daşınması üçün daha münasibdir. LNG kimi yüklər üçün xüsusi sistern vaqonlar tələb olunsa da, bu, texniki baxımdan həll edilə bilən məsələdir və beynəlxalq praktikada geniş yayılıb. Əsas məhdudiyyət daha çox siyasi qərarlar və tərəflər arasında razılaşmalarla bağlıdır”.
İqtisadçı Azərbaycan üçün bu tranzitin əsas qazancının birbaşa maliyyə gəlirləri olduğunu qeyd edib:
“Dəmir yolu ilə hər ton yükə görə tranzit haqqı, əlavə olaraq logistika, texniki xidmət, gömrük və müşayiət xərcləri ödənilir. Enerji məhsulları adətən adi yüklərlə müqayisədə daha yüksək tariflərlə daşınır, çünki təhlükəsizlik və xüsusi infrastruktur tələbləri var. Bu isə tranzitdən əldə olunan gəliri artırır. Bundan əlavə, Azərbaycan regional tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir və dəmir yolunun yüklənmə səviyyəsi yüksəlir ki, bu da uzunmüddətli iqtisadi səmərəliliyi artırır. Dolayı qazanc isə siyasi və iqtisadi xarakter daşıyır. Azərbaycan regionda əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi rolunu gücləndirir, kommunikasiya xətlərinin açıq və işlək olduğunu nümayiş etdirir və bu, gələcəkdə digər ölkələrin də Azərbaycan üzərindən daşımaları seçməsinə stimul yarada bilər. Nəticə etibarilə, Ermənistan üçün bu marşrut enerji təhlükəsizliyinin diversifikasiyası, Azərbaycan üçün isə sabit tranzit gəlirləri və regional təsirin artması deməkdir”.
Bəsti Rəfizadə
Sfera.az