Sosial şəbəkələrdə yayılan məlumata görə, 18 fevral-5 mart tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən bütün abituriyentlər qeydiyyatdan keçməlidir. Qeyd olunur ki, qeydiyyatdan keçməyənlər qəbul prosesinə buraxılmayacaq.
Bu məlumat nə dərəcədə doğrudur? Şagird buraxılış imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirmi?
Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur.
Bildirilib ki, məlumatlar məktəb tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur.
“Şagirdlər imtahana bir neçə gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər. Qeyd edək ki, hər hansı bir imtahan üçün buraxılış vərəqəsi yerləşdirilən kimi bu haqda saytımızda və sosial şəbəkə hesablarımızda məlumat verilir”, - məlumatda qeyd olunub.
Firuzə Əliyeva
Sfera.az