NATO-nun baş katibi Mark Ruttenin hazırkı şəraitdə əsas işi alyansı idarə etməkdən daha çox onun bütövlüyünü qorumaq və ABŞ prezidenti Donald Trampın siyasəti fonunda yarana biləcək siyasi parçalanmanın qarşısını almaqdan ibarətdir.
Sfera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Qəzet qeyd edir ki, Ruttenin fəaliyyətinin mühüm hissəsi Vaşinqtonla dialoqun davam etdirilməsinə, eləcə də Şimali Atlantika Alyansının gələcəyini təhdid edən risklərin minimuma endirilməsinə yönəlib. “Politico”nun vurğuladığına görə, NATO baş katibinin rolu getdikcə təşkilatın təməllərinin sarsılmasının qarşısını almaq cəhdləri ilə xarakterizə olunur.
Məlumata əsasən, Rutte çətin və həssas vəziyyətlərdə ciddi nəticələrə yol vermədən hərəkət etmək bacarığına görə Avropa diplomatik dairələrində “Teflon” ləqəbi ilə tanınır. Lakin mövcud geosiyasi şərait onun mövqeyini daha da çətinləşdirir. Keçmiş Hollandiya baş naziri müttəfiqlərin maraqlarını tarazlaşdırmağa, açıq qarşıdurmalardan və sərt bəyanatlardan yayınmağa məcburdur.
Avropa İttifaqının yüksək vəzifəli diplomatlarından biri “Politico”ya bildirib ki, bu prosesi izləmək olduqca çətindir. Nəşr onun sözlərini belə sitat gətirib:
“Onun NATO-nun birliyini qorumağın nə qədər çətin olduğunu anlayıram, amma buna baxmaq belə əzabdır”. İspaniyanın NATO-dakı keçmiş daimi nümayəndəsi, hazırda isə Avropa Parlamentinin üzvü olan Nikolas Paskual de la Parte isə qeyd edib ki, indiki şəraitdə alyansı bir yerdə saxlamaq “güclü küləyə qarşı dar kəndirdə yeriməkdən də çətindir”.
Niyaz Hacıyev
Sfera.az