İranda yanvarın 8-dən başlayan etirazlardan sonra internet bağlantısının kəsilməsi ölkə iqtisadiyyatına ciddi zərər vurub.


 


Ekspertlərin hesablamalarına görə, gündəlik birbaşa iqtisadi itkilər təxminən 20,6 milyon ABŞ dolları təşkil edir.


 


İranda internetin kəsilməsi Azərbaycan-İran ticarət dövriyyəsinə necə təsir edir? İranın rəqəmsal blokadası Bakıya bir növ fürsət yarada bilərmi? Məsələn, regionda Azərbaycan enerji və logistika sahəsində daha etibarlı tərəfdaş kimi önə çıxırmı?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Zeynal Əmrəliyev İrandakı vəziyyətin bütün regiona təsir göstərdiyini bildirib:


 



 


“İran uzun müddətdir ciddi internet kəsintisi yaşayır və ölkədə iqtisadi itkilər artmaqdadır. Yəni insan itkiləri ilə yanaşı, iqtisadi itkilərin də sayı kifayət qədər yüksəkdir. Bu isə istər-istəməz region ölkələrinə mənfi təsir göstərəcək amildir. İrandakı proseslər regional ticarətə olduqca mənfi təsir edir. Nəzərə alsaq ki, cənub qonşumuzun Azərbaycanla da ticarət əlaqələri mövcuddur, bu vəziyyət iki tərəfli ticarət münasibətlərində də mənfiyə doğru təsir göstərə bilər. Bu, təbii amillərlə və İranda baş verən proseslərlə bağlıdır. Azərbaycan isə hər zaman öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ümumilikdə, post-müharibə dövründən sonra həyata keçirilən siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazdakı rolu daha da güclənib və faktiki olaraq ölkə hazırda iqtisadi-ticarət yollarının qovşağında yerləşir. Bu baxımdan Azərbaycan olduqca mühüm əhəmiyyətə malik ölkədir. İrandakı hadisələr fonunda Azərbaycanın bu rolu üstlənməsi, həm tranzit, həm də enerji və logistika baxımından daha da önə çıxması təbiidir”.


 


Politoloq əlavə edib ki, ümumilikdə, Azərbaycan istər Xəzər dənizi hövzəsində, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizində, həmçinin Şərq-Qərb ticarət yolunda mühüm strateji məntəqədir:


 


“Son zamanlar məlum olduğu kimi, Azərbaycan hökuməti ölkə daxilində nəqliyyat yollarının yenilənməsi istiqamətində ardıcıl addımlar atır. Davamlı şəkildə cənab Prezidentin imzaladığı sərəncamlar nəticəsində müxtəlif ölçülü yolların tikintisi və bərpasına şahid oluruq. Azərbaycanın quru yolu və dəmir yolu infrastrukturu yüksək səviyyədədir. Bu isə imkan verir ki, tranzit baxımından Azərbaycan regionda etibarlı tərəfdaş kimi önə çıxsın. İrandakı hadisələr fonunda Azərbaycanın rolunun daha da artmaq potensialı var. Ancaq yenə də bu proseslər istər-istəməz bütün regiona təsir göstərən hadisələrdir və iqtisadi baxımdan müəyyən mənfi nəticələr doğura bilər. İranda vəziyyətin gərginləşməsi fonunda region ölkələri də bu təsirdən kənarda qalmayacaq. Buna baxmayaraq, ümumilikdə Azərbaycan öz iqtisadi və logistik missiyasını ən yüksək səviyyədə icra edir”.


 


Fidan Hacızadə


Sfera.az