Azərbaycanda yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən vətəndaşların pensiya artımı mexanizmi yenidən müzakirə mövzusuna çevrilib. Mövcud qanunvericiliyə əsasən, işləyən pensiyaçıların topladığı pensiya kapitalı 6 ildən bir yenidən hesablanaraq pensiyaya əlavə olunur.
Millət vəkili Vüqar Bayramov isə bu mexanizmin dəyişdirilməsini və pensiya artımlarının daha qısa müddətdə həyata keçirilməsini təklif edib. Deputat pensiya alanların pensiya kapitalından istifadənin 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilməsini təklif edib.
Bəs, işləyən pensiyaçıların pensiyasının 6 ildən bir deyil, 4 ildən bir yenidən hesablanması onların aylıq pensiya kapitalına real olaraq necə təsir göstərəcək?
Bu haqda Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov işləyən pensiyaçıların pensiyasının 4 ildən bir yenidən hesablanmasının onların aylıq pensiya məbləğində daha tez artım əldə etməsinə imkan yaradacağını bildirib:
“Hərçənd ki, uzunmüddətli dövrdə, məsələn 12 il ərzində ümumi pensiya artımının həcmi baxımından ciddi fərq yaranmır, lakin yeni mexanizm pensiyaçıların öz topladıqları kapitaldan daha erkən faydalanmasını təmin edəcək”.
Mütəxəssisin fikrincə, 4 illik mexanizm pensiyaçıların gəlirlərinin inflyasiya təsirindən daha yaxşı qorunmasına şərait yaradacaq:
“Bu proses sosial ədalət prinsipinin güclənməsinə və pensiya artımlarının real vaxtda hiss olunmasına imkan verəcək. Bu yanaşma pensiyaçıların maliyyə dayanıqlığını artırmaqla yanaşı, sosial rifahın yüksəldilməsinə xidmət edir. Qeyd edim ki, təklifin tətbiqi dövlət büdcəsi üçün daha tez-tez maliyyə öhdəlikləri yaratsa da, sosial baxımdan daha çevik və ədalətli mexanizm kimi qiymətləndirilir”.
Bəsti Rəfizadə
Sfera.az