Tibbi araşdırmalar göstərir ki, ürək tutması qadın və kişilərdə eyni formada özünü göstərmir. Qadınlarda simptomların daha səssiz və qeyri-spesifik olması xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir və ölüm riskini artırır.
Xüsusilə menopozdan sonra hormonal dəyişikliklər qadınların ürək-damar xəstəliklərinə tutulma ehtimalını daha da yüksəldir. Estrogen hormonunun azalması riski daha da artırır.
Bəs, qadınlarda ürək tutmasının kişilərdən fərqli əlamətlərlə üzə çıxması diaqnozun gecikməsinə və ölüm riskinin artmasına necə təsir edir?
Məsələ ilə bağlı kardioloq Günay Rəhimova Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, kişilərdə infarkt əlamətləri adətən tipik olur, yəni güclü sinə ağrısı, sol qola və çənəyə yayılan ağrı, birdən başlayan tərləmələr, amma qadınlarda isə bu əlamətlər çox vaxt atipik şəkildə özünü göstərir:
“Sinədə ağrı olmaya bilər, əvəzində halsızlıq, səbəbsiz yorğunluq, nəfəs darlığı, ürəkbulanma və qusma müşahidə oluna bilər. Bəzən bel, boyun və ya çiyin ağrısı, narahatlıq, ölüm qorxusu və hətta günlər öncədən başlayan yuxu pozğunluğu meydana çıxır. Həm qadın özü, həm də həkimlər bu əlamətləri çox vaxt “qastrit”, “stress”, “panik atak” və ya “yorğunluq” kimi qiymətləndirir. Bu səbəbdən qadınlar təcili yardıma daha gec müraciət edir. Təcili yardım zamanı çəkilən EKQ normal çıxa bilər, troponin səviyyəsinin yüksəlməsi isə gec baş verə bilər. Qadınlarda mikrodamar xəstəliyinə daha çox rast gəlinir”.
Mütəxəssis estrogen hormonun qadınlar üçün nə qədər vacib olduğunu da vurğulayıb:
“Estrogen hormonu normal halda damar divarını qoruyur, endotel funksiyasını yaxşılaşdırır, LDL xolesterini azaldıb HDL-ni artırır və tromboz riskini aşağı salır. Lakin menopozdan sonra damar sərtliyi artır, ateroskleroz prosesi sürətlənir, mikrodamar disfunksiyası yaranır, iltihab və tromboz riski yüksəlir. Adətən ürək öz siqnalını qışqırmaqla verirsə, qadınlarda bu siqnal pıçıltı şəklində olur. Məhz buna görə də həmin pıçıltıya diqqət etmək həyati əhəmiyyət daşıyır”.
Bəsti Rəfizadə
Sfera.az