DNT mütəxəssisi, alim Stiv Horvat bioloji saatlar və cavanlaşdırma texnologiyaları sahəsində əldə olunan son elmi nailiyyətlərin insan ömrünü əhəmiyyətli dərəcədə uzada biləcəyini bildirib.
Alimin fikrincə, elmi inkişaflar indiki templə davam edərsə, gələcəkdə insanların 150 yaşına qədər yaşaması mümkün ola bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Horvat qeyd edib ki, bioloji yaşın ölçülməsi istiqamətində aparılan tədqiqatlar insan orqanizminin real yaşlanma prosesini daha dəqiq anlamağa imkan verib.
Onun DNT metilasiyasına əsaslanan və toxumalardakı bioloji yaşı müəyyən edən testi bu sahədə mühüm yenilik hesab olunub. Sözügedən metod sonradan xronoloji yaşı deyil, bioloji göstəriciləri əsas götürərək ölüm riskini hesablayan “GrimAge” kimi qabaqcıl texnologiyalara çevrilib. Alim vurğulayıb ki, məqsəd insanların ölümsüz olması deyil, yaşlanma prosesinin yavaşladılması və sağlam ömür müddətinin uzadılmasıdır.
O, insanların 1000 il yaşaması ideyasını elmi fantastika kimi dəyərləndirsə də, 150 yaş hədəfinin real elmi əsaslara söykəndiyini bildirib. Horvatın sözlərinə görə, bəşəriyyət qlobal fəlakətlərdən qaça və biotibbi yeniliklər davamlı şəkildə inkişaf edə bilsə, insan ömrü ciddi şəkildə arta bilər. Alim hesab edir ki, qarşıdakı 100 il ərzində səhiyyə və biotexnologiya sahəsində baş verəcək yeniliklər insan həyatının müddətini və keyfiyyətini köklü şəkildə dəyişəcək.
Bəsti Rəfizadə
Sfera.az