ABŞ-ın Yuta ştatında baş verən vertolyot qəzası faciə ilə nəticələnməkdən son anda xilas olub. Ailəyə məxsus vertolyot idarəetməni itirərək sürətlə enməyə başlayıb və təxminən 150 metr hündürlükdən yerə çırpılıb.
Sfera.az xəbər verir ki, hadisə 18 yanvar tarixində yerli vaxtla saat 15:10 radələrində qeydə alınıb. Bell 206L tipli vertolyotun göyərtəsində ailə üzvləri və yaxın dostlar olmaqla ümumilikdə dörd nəfər olub. Uçuş magistral yolun yaxınlığında qəzayla nəticələnib.
Qəza nəticəsində vertolyotda olan bütün sərnişinlər sağ qalıb. Bir nəfər ağır xəsarət alaraq kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərin də xəsarətləri olsa da, onların vəziyyəti hadisə yerində ilkin tibbi yardım göstərilməsinə imkan verib.
Zərərçəkənin bacısı Bailey DeMars bildirib ki, hadisədən qəzadan sonra xəbər tutub və baş verənlərə uzun müddət inanmaqda çətinlik çəkib. Onun sözlərinə görə, ailənin atası Kori Tun son ana qədər qızını sakitləşdirməyə çalışıb və vertolyot fırlanaraq sürətlə enməyə başladığı anlarda belə panikaya qapılmayıb.
Qəza anı sərnişinlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb. Görüntülərdə qəzadan bir neçə saniyə əvvəl sərnişinlərin gülümsədiyi, şən və qayğısız əhval-ruhiyyədə olduğu əks olunur. İdarəetmə itirildikdən sonra telefon əlindən düşsə də, səs yazısı davam edib. Bailey DeMars bu səsləri sonradan dinləyə bilib.
Zərbədən öncə atanın qızına təsəlli verdiyi, qəzadan sonra isə qızın “Mən sağam. Ata, sən də sağsan?” deyə qışqırdığı eşidilir. Baileyin sözlərinə görə, atanın cavabı ailə üçün böyük rahatlıq olub.
Hadisənin şahidi olan yaxınlıqdakı qar arabası sürücüləri dərhal köməyə tələsiblər. Onların arasında xilasedicilər hadisə yerinə çatmamışdan əvvəl zərərçəkənlərə ilk yardım göstərən tibb bacısı da olub.
Hazırda ata ağır xəsarətlərdən sağalma mərhələsindədir, qızı isə baş travması səbəbindən uzunmüddətli reabilitasiya keçir. Qəzanın ağırlığına baxmayaraq, vertolyotda olan dörd nəfərin hamısı artıq xəstəxanadan evə buraxılıb.
Ailə bu hadisəni əsl möcüzə adlandırır. Bailey DeMarsın sözlərinə görə, ölüm təhlükəsi ilə üz-üzə qaldıqları həmin an həyatdakı bütün mənfi düşüncələr və narahatlıqlar mənasını itirib.
Aynil