Avstraliyalı aktrisa Ember Heard 2022-ci ildə keçmiş əri Conni Deppə qarşı qaldırılan böhtan iddiasını uduzduqdan sonra bu mövzu ilə bağlı nadir hallarda açıqlama verir.


 


Sfera.az xəbər verir ki, Ember Heard “Sundance” Film Festivalı çərçivəsində böhtan iddialarından silah kimi istifadə edən kişilərdən bəhs edən “Silenced” sənədli filminin təqdimatında qonaq qismində iştirak edib.


 


Tədbir zamanı filmin rejissoru Selina Mayls ilə söhbət edən aktrisa yaşadıqlarına toxunaraq bildirib:


 


“Danışmaq qabiliyyətimi itirmişəm. Mən burada öz hekayəmi danışmaq üçün deyiləm. Hekayəmi bölüşmək istəmirəm. Açığı, artıq səsimdən istifadə etmək istəmirəm. Problem də məhz bundadır”.


 


39 yaşlı Heard qeyd edib ki, bu mövzu onun üçün hələ də emosional olaraq ağırdır.


 


Xatırladaq ki, 2019-cu ilin fevralında Conni Depp 2018-ci ildə “The Washington Post” qəzetində dərc olunan məqaləyə görə Ember Heardı böhtan atmaqda ittiham edərək ona qarşı 50 milyon dollar məbləğində təzminat iddiası qaldırmışdı. Həmin məqalədə Heard Depp tərəfindən məişət zorakılığına məruz qaldığını iddia etmişdi.


 


Üç il davam edən məhkəmə prosesindən sonra Ember Heard işi uduzub və keçmiş həyat yoldaşına 10 milyon dollar təzminat, həmçinin 350 min dollar cərimə ödəməyə məhkum edilib.


 


2022-ci ilin dekabrında tərəflər razılığa gələrək işi bağlayıblar. Razılaşmaya əsasən, Ember Heard Conni Deppə 1 milyon dollar ödəməyə razılaşıb.


 


Məhkəmə prosesindən təxminən üç ay sonra aktrisa böyük qızı, 4 yaşlı Una Peyc ilə birlikdə İspaniyaya köçüb.


 


Aynil