ABŞ-da maliyyə şirkətinin baş direktoru yüz milyonlarla dollar dəyərində maliyyə piramidası yaratdığını və bu vəsaiti dəbdəbəli həyat tərzinə xərclədiyini etiraf edib. Corcina ştatı hakimiyyət orqanları işi region tarixində ən böyük maliyyə fırıldaqlarından biri adlandırıb.


 


Sfera.az xəbər verir ki, “Drive Planning LLC” şirkətinin qurucusu, 54 yaşlı Todd Burkhalter 2020–2024-cü illər ərzində 2000-dən çox müştərinin ümumilikdə 380 milyon dollarını mənimsəyib. O, investorlara guya zəmanətli və yüksək gəlirlər vəd etsə də, vəsaitlərin böyük hissəsi əvvəlki investorların ödənişlərinə və şəxsi xərclərinə yönəldilib.


 


Prokurorların məlumatına görə, Burkhalter qısamüddətli investisiya sxemlərini reklam edərək ildə 20 faizdən çox gəlir vəd edib, mövcud olmayan aktivlərlə təminat görüntüsü yaradıb. Müştərilərə pensiya yığımlarını və borc vəsaitlərini belə investisiyaya yönəltmək tövsiyə olunub.


 


Məhkəmədə bildirilib ki, mənimsənilən pullar 2 milyon dollarlıq yaxta, lüks avtomobillər, Meksikada bahalı daşınmaz əmlak və idman tədbirlərində bahalı reklamlara xərclənib.


 


Federal araşdırmaya baxmayaraq, sxem bir neçə ay daha davam edib və əlavə on milyonlarla dollar cəlb olunub. Günahını etiraf edən Burkhalter 17 ilə qədər həbs cəzası ala bilər. Hökm tarixi hələ açıqlanmayıb.


 


Aynil