Bəzi ölkələr, o cümlədən Türkiyə, fiziki şəxslər tərəfindən internet üzərindən idxal edilən mallar üçün güzəşt limitini azaldıb. Türkiyədə isə bu limit 2026-cı ilin yanvarın 6-dan ümumiyyətlə ləğv edilib. 




Aylıq limitin azaldılmasının səbəbi fiziki şəxslər tərəfindən idxalın həcminin davamlı artması göstərilib. Azərbaycanda da fiziki şəxslərin idxalında davamlı artım var. Son 5 ildə idxalın həcmi təxminən 2 dəfə artaraq 2,19 milyard dollara çatıb. 




Ölkəmizdə də vaxtilə idxala tətbiq edilən güzəşt limiti yüksək olub. Son illərdə hökumət limiti azaldaraq 300 dollara salıb. 




İdxalın artmasını nəzərə alaraq proqnozlaşdırmaq olarmı ki, idxala tətbiq edilən güzəşt limiti bir qədər də azaldılacaq?




Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli Sfera.az-a açıqlamasında bildirib ki, dünya ölkələrinin təcrübəsini öyrənib belə bir addımın atılması mümkündür: 




“Dövlətin büdcə imkanlarının artırılması həm vergilər, həm də gömrük rüsumları ilə bağlıdır. Ona görə də, idxal prosesində baş verən artımlar, fiziki şəxslər tərəfindən həyata keçirilən onlayn ticarət və digər metodlarla həyata keçirilən ticarətdə limitin 300 dollar olması xüsusi əhəmiyyət kəsb edir. Bu 300 dollar vergidən və digər rüsumlardan azad olunan ticarət dövriyyəsidir. Dövlət istəsə, büdcəsini və digər maliyyə imkanlarını artırmaq üçün bu limiti dəyişdirə bilər”.


 





Ekspert qeyd edib ki, amma ölkənin sosial siyasəti nəzərə alınarsa bu qərar verilməyə də bilər:


 


“Azərbaycan hökuməti iqtisadi qərarları qəbul edən zaman əhalinin vəziyyətini nəzərə alır. Hazırda 300 dollarlıq güzəşt hesabına əhali idxal həyata keçirməklə ucuz mallar ala bilir ki, bu da onların müəyyən qədər maliyyə və sosial imkanlarını yaxşılaşdırır. Əvvəllər bu rəqəm daha böyük idi və ümid edirik ki, bu məbləğin azaldılması baş verməyəcək”.


 


Niyaz Hacıyev

Sfera.az