Mənzil bazarında qiymət artımının sürəti əhalinin gəlirlərindəki artımla müqayisədə xeyli yüksəkdir. Bu disbalans davam etdikcə vətəndaşların mənzil əldə etmək imkanları getdikcə zəifləyir, xüsusilə gənc ailələr və orta gəlirli təbəqə üçün mənzil sahibi olmaq faktiki olaraq əlçatmaz hala gəlir.
Nəticədə sosial gərginlik artır, kirayə bazarında təzyiq güclənir və mənzil problemi uzunmüddətli struktur probleminə çevrilir. Bu belə davam etdikcə əhalinin mənzil təminatı daha da çətinləşəcək.
Bəs, vəziyyəti dəyişmək üçün dövlət hansı addımları atmalıdır?
Sfera.az-a bu haqda açıqlama verən əmlak eksperti Elnur Azadovun sözlərinə əsasən, bu məsələ çox aktualdır, lakin təəssüf ki, dövlət bu istiqamətdə yetərli addımlar atmır.
“Əlbəttə, demək olmaz ki, dövlət heç nə etmir”, - deyən ekspert müəyyən ərazilərdə planlama işlərinin aparıldığını, söküntü və tikinti proseslərinin həyata keçirildiyini vurğulayıb:
“Məsələn, Bayıl şəhəri ərazisi sökülür, müəyyən ərazilərdə planlama işləri aparılır. Əsasən Arxitektura və Şəhərsalma Komitəsinin diqqəti, bildiyimiz qədər, regionlarda yerləşən şəhərlərin baş planlarının hazırlanmasına və müxtəlif tikinti-quraşdırma işlərinə yönəlib. Amma təəssüf ki, Bakıda mənzil bazarındakı əsas bahalaşmanın səbəbi tikinti şirkətləri olub. Tikinti şirkətləri gördülər ki, bazarda rəqabət azalır və bu fürsətdən istifadə edərək əllərində olan mənzillərin qiymətlərini qaldırmağa başladılar. Onlar bilirdilər ki, yaxın dövrdə məhdudiyyətlər olacaq, tikintilərə verilən icazələrin sayı azalacaq. Məhz bu azalmanın nəticəsində qiymətlər normadan artıq səviyyədə yüksəldildi”.
Ekspert bu prosesin tədricən bütün inşaat bazarında öz əksini tapdığını və çıxış yolunun yalnız hökumətin əlində olduğunu bildirib:
“Arxitektura və Şəhərsalma Komitəsi tikinti şirkətlərinə yenidən icazələr verməyə başlamalıdır ki, bazarda sağlam rəqabət formalaşsın. Yalnız sağlam rəqabət qiymətlərin bazarda stabilləşməsinə səbəb ola bilər. Qiymətlərin artımına da məhz tikinti şirkətləri səbəbkar oldular, qiymətlərin azalmasına da yalnız onlar təsir göstərə bilərlər. Başqa real çıxış yolu yoxdur. Əgər bu gün Bakı şəhərini diqqətlə izləsək, görərik ki, şəhərin son 25 il ərzində simasının dəyişməsində əsas rol tikinti şirkətlərinə məxsusdur. Hökumət parklar salıb, yollar tikib, infrastrukturu yeniləyib. Lakin daşınmaz əmlak sektoru birbaşa və effektiv dövlət nəzarətindən kənarda qaldığı üçün bu sahədə özbaşına hallar yaranıb və həmin hallar mütləq nəzarətə götürülməlidir. Gördüyümüz kimi, tikinti şirkətləri qiymətləri qaldırmağa davam edirlər. Amma hökumətin də onlara qarşı müəyyən təzyiq və tənzimləmə mexanizmləri olmalıdır ki, “normadan artıq qiymət artımının səbəbi nədir?” sualına cavab tələb olunsun. Bunlar bir-biri ilə sıx bağlı proseslərdir. Yəni demək istədiyim odur ki, məsələyə haradan və necə yanaşmağımızdan asılı olmayaraq, istənilən halda bazarda mövcud olan tələbatı və qiymətləri formalaşdıran əsas tərəf tikinti şirkətləridir”.
Bəsti Rəfizadə
Sfera.az