Son illər paytaxtın əsas ictimai nəqliyyat dayaqlarından biri olan Bakı metrosunun maliyyə vəziyyəti ilə bağlı açıqlanan rəqəmlər ciddi suallar doğurur. Gün ərzində yüz minlərlə sərnişinə xidmət göstərən, şəhərin sərnişin yükünü daşıyan bu sistemin davamlı olaraq zərər açıqlaması təkcə iqtisadi deyil, həm də idarəetmə və struktur problemlərini gündəmə gətirir. Xüsusilə gedişhaqqının artırılmasından sonra belə maliyyə göstəricilərində müsbət dinamikanın qeydə alınmaması diqqət çəkir və “Bakı Metropoliteni”nin gələcək fəaliyyət modeli ilə bağlı müzakirələri daha da aktuallaşdırır.
“Bakı Metropoliteni” QSC-nin açıqladığı maliyyə hesabatına əsasən, müəssisənin yığılmış zərəri 3 milyard manatı keçib, illik zərər isə 82 faiz artıb. Gedişhaqqının 60 qəpiyə qaldırılmasına baxmayaraq, maliyyə vəziyyətində yaxşılaşma müşahidə olunmur.
Bəs “Bakı Metropoliteni”nin artan zərərinin qarşısının alınması üçün yaxın perspektivdə hansı struktur və maliyyə tədbirlərinin görülməsi planlaşdırılır və beynəlxalq metropoliten modellərindən hansı təcrübələrin tətbiqi nəzərdə tutulur?
Sfera.az-a qurumdan verilən məlumata görə, hazırda “Bakı Metropoliteni” QSC-də maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə əməliyyat xərclərinin optimallaşdırılması, maliyyə uçotunun təkmilləşdirilməsi, xərc-gəlir mərkəzlərinin daha dəqiq strukturlaşdırılması və kommersiya gəlirlərinin genişləndirilməsi istiqamətində sistemli işlər aparılır.
“Eyni zamanda, beynəlxalq metropoliten modelləri öyrənilir, o cümlədən diferensial tarif mexanizmləri, əməliyyat səmərəliliyinin artırılması və idarəetmə praktikaları üzrə qabaqcıl təcrübələr təhlil olunur. Bu proseslər hazırda analitik və planlaşdırma mərhələsindədir”, - məlumatda qeyd olunub.
Firuzə Əliyeva
Sfera.az