Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Hindistan və Avropa İttifaqı ABŞ ilə dəyişkən münasibətlərdən qorunmaq məqsədilə tarixi bir ticarət razılaşması imzalayıb.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, təxminən 20 il davam edən danışıqlardan sonra əldə olunan razılaşma Hindistanın dünyanın ən çox əhalisi olan, geniş və qorunan bazarını onun ən böyük ticarət tərəfdaşlarından biri olan 27 üzv ölkəli Avropa İttifaqı üçün sərbəst ticarətə açır. Narendra Modi bildirib ki, saziş həm Hindistan, həm də Avropa üçün mühüm iqtisadi imkanlar yaradacaq.
“Dünən Avropa İttifaqı ilə Hindistan arasında böyük bir müqavilə imzalanıb. Dünyanın hər yerində insanlar bunu “bütün sövdələşmələrin anası” adlandırırlar. Bu saziş Hindistanın 1,4 milyard əhalisi və Avropadakı milyonlarla insan üçün böyük imkanlar yaradacaq”, - deyə Modi qeyd edib.
Modi ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin çərşənbə axşamı Yeni Dehlidə keçiriləcək Hindistan-Aİ sammitində razılaşmanın təfərrüatları ilə bağlı birgə açıqlama verməsi gözlənilir. Məlumata görə, Hindistan və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2025-ci ilin mart ayına qədər olan maliyyə ilində 136,5 milyard dollar təşkil edib. Bu razılaşma Aİ-nin ötən il İndoneziya, Meksika və İsveçrə ilə bağladığı müqavilələrdən etdiyi mühüm razılaşmadan bir neçə gün sonraya təsadüf edib.
Eyni dövrdə Hindistan da Böyük Britaniya, Yeni Zelandiya və Omanla ticarət sazişləri imzalayıb. Razılaşmalar ABŞ-dən iqtisadi asılılığın azaldılması istiqamətində qlobal səylərin artdığını göstərib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları və Avropa ölkələrinə qarşı tarif təhdidləri Qərb ölkələri arasında uzunmüddətli müttəfiqlikləri sınağa çəkib.
Qeyd edək ki, Tramp administrasiyası Hindistandan idxal olunan mallara 50 faiz tarif tətbiq edib və ötən il Hindistan-ABŞ ticarət müqaviləsi iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda pozulub. Hindistan-Aİ sazişinin rəsmi imzalanması təxminən 5-6 ay davam edəcək hüquqi yoxlama prosesindən sonra baş tutacaq.
Bəsti Rəfizadə
Sfera.az