Havanın dəyişkən olması məhsuldarlığa birbaşa təsir göstərən əsas amillərdən biridir. Temperaturun və ya yağıntının normadan kənar dəyişməsi xüsusilə kənd təsərrüfatında məhsul itkisinə, istehsal proseslərində isə gecikmələrə səbəb ola bilər.
Son günlər yaşanan anomal hava şəraiti də öz növbəsində kənd təsərrüfatı sahəsində məhsuldarlığa təsir sualını yaradır.
Maraqlıdır, bu tempdə davam edən hava temperaturu yaz meyvələrində məhsuldarlığa ziyan vura bilərmi? Mövsüm meyvələrində qıtlıq, qiymət artımı yaşanacaqmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov havanın dəyişkən olmasının son illərdə kənd təsərrüfatı üçün ən ciddi risk faktorlarından birinə çevrdiyini deyib:
“Xüsusilə temperaturun tez-tez qalxıb-enməsi meyvələrin məhsuldarlığına birbaşa təsir göstərir və bu təsir çox vaxt mənfi olur. Bitkilər üçün əsas problem stresdir. Gündüz isti, gecə isə kəskin sərin hava bitkinin normal inkişaf ritmini pozur, maddələr mübadiləsini zəiflədir, çiçəkləmə və tozlanma prosesini risk altına salır, xüsusilə çiçəkləmə dövründə baş verən soyuq hava və ya ani istiləşmə çiçək tökülməsinə səbəb ola bilər. Eyni zamanda alma, armud, gilas, alça, şaftalı, ərik kimi yaz meyvələri üçün bu dövr çox həssasdır. Gecə donları çiçək və cavan meyvələri zədələyir. Ani istilər tozlanmanı zəiflədir, çünki arıların aktivliyi azalır. Temperatur fərqi yüksək olduqda meyvə tutumu azalır, məhsul seyrək olur”.
F. Səfərov dəyişkən havanın adətən yağıntı və rütubət artımı ilə müşayiət olunduğunu, göbələk xəstəliklərinin yayılma riski artırdığını və tozlanmanın zəiflədiyini qeyd edib:
“Bu da dolayısı ilə həm məhsuldarlığı, həm də bazar dəyərini aşağı salır. Bu temp davam edərsə nə baş verə bilər? Bəli, bu cür temperatur dalğalanmaları davam edərsə yaz meyvələrində məhsuldarlıq azala bilər, meyvələr daha xırda və qeyri-bərabər formalaşa bilər. Tam qarşısını almaq çətin olsa da don riskinə qarşı tüstüləmə və suvarma, daha gec çiçəkləyən sortların seçilməsi, bağlarda düzgün aqrotexniki qulluq, profilaktik xəstəlik nəzarəti bu riskləri qismən azalda bilər. Havanın bu cür dəyişkən tempdə davam etməsi yaz meyvələri üçün ciddi məhsuldarlıq riskidir. Təsir təkcə miqdarla yox, keyfiyyətlə də ölçülür. Bu artıq mövsümi hal yox, uzunmüddətli iqlim çağırışı kimi qiymətləndirilməlidir və fermerlərin buna uyğunlaşması vacibdir”.
Fidan Hacızadə
Sfera.az