Ukrayna nümayəndə heyəti böyük ehtimalla fevralın 1-də baş tutacaq ABŞ və Rusiya danışıqlar komandaları ilə yeni görüşə maksimum hazırlıqlı olacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz müraciətində bildirib.
"Nümayəndə heyətlərinin bazar günü yenidən planlaşdırılan görüşünün tezləşməsi yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlər üzrə maksimum hazırlıqlı olacaq", - deyə o qeyd edib. Zelenski vurğulayıb ki, Ukrayna həmişə sülhün tərəfində olub və olacaq və müharibə indiyə qədər yalnız Rusiyanın mövqeyi səbəbindən davam edir.
Rusiya bu dəfə real kompromisə getməyə hazırdırmı? Bu görüş danışıqlar prosesində dönüş nöqtəsi ola bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq, diplomat Fikrət Sadıqov çox mürəkkəb danışıqların getdiyini və bunun ilk olmadığını qeyd edib. Onun sözlərinə əsasən, yerindən və vasitəçilərindən asılı olmayaraq, danışıqlar olduqca mürəkkəb və faktiki olaraq çətin bir şəraitdə keçirilir:
“Düzdür, Rusiya və Ukrayna nümayəndələri bəyan edirlər ki, danışıqlar konstruktiv şəkildə keçirilir və müəyyən nəticələr də gözləniləndir. Amma burada bir neçə məqam var və bu məqamları həll etmək olduqca çətin bir məsələdir. İlk növbədə Ukrayna hesab edir ki, Ukrayna qoşunları Donetsk-Luqansk hissəsində qalmalıdır və imkan daxilində oradan çıxmamalıdırlar. Rusiya isə tələb edir ki, onlar oradan çıxsınlar, ərazini tərk etsinlər və çox güman ki, orada müəyyən bir zona yaradılsın. Neytral dövlətlərin də həmin zonada qoşun yerləşdirməsi gündəmə gəlir. Bu isə tərəfləri tam qane edən məqam deyil”.
Politoloqun fikrincə, Ukrayna hesab edir ki, onlara təhlükəsizliyi təmin edən müəyyən formatlar lazımdır:
“Əgər qoşunlar oradan çıxarılacaqsa, onları kim qoruyacaq, hansı qüvvələr, hansı ölkələr bu təminatı verəcək? Məhz bu suallar Ukraynanı ciddi şəkildə narahat edir. Ona görə də optimist bəyanatlara baxmayaraq, mən hesab edirəm ki, hələlik yekun sənədin imzalanması yaxın perspektivdə gözlənilmir. Burada, təbii ki, ABŞ-nin mövqeyindən çox şey asılıdır. ABŞ təzyiq etməlidir, müəyyən sərt mövqe nümayiş olunmalıdır və əgər bu baş verərsə, müəyyən irəliləyişlər mümkün ola bilər. Hazırda məsələlər elə bir nöqtəyə gəlib çatıb ki, tərəflərin hər biri müəyyən kompromislərə getməyə hazır deyil. Çünki rəsmi dairələr anlayırlar ki, ortada ictimaiyyət var, siyasi partiyalar var, müxtəlif qüvvələr var və onlar sadəcə olaraq əsassız kompromisi qəbul etməyəcəklər”.
Bəsti Rəfizadə
Sfera.az