İnsanlar çəki normalarını qorumaq və ya artıq çəkidən azad olmaq üçün müxtəlif pəhrizlərə müraciət edirlər. Bu pəhrizlərdən biri də meyvə diyetidir.
Lakin bu üsuldan istifadə edən bəzi şəxslər qara ciyərin zədələnməsi və digər sağlamlıq problemləri ilə üzləşir, nəticədə sağlamlıqlarına ciddi zərər vurmuş olurlar.
Bu cür hallar səhv diyetlərlə bağlıdır, yoxsa başqa səbəblər varmı?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən dietoloq Ləman Süleymanova piylənmənin müasir cəmiyyətimizin ən qlobal problemlərindən biri olduğunu deyib:
“Piylənmənin səbəbləri çoxşaxəlidir. Hormonal fonun disbalansı, müxtəlif xəstəliklərin müalicəsi, stress, əsəb gərginliyi, düzgün həyat tərzinin olmaması, hərəkətsizlik, düzgün qidalanmamaq və s. bütün bunlar piylənməyə səbəb olur. Piylənmə özü bir xəstəlikdir və bir çox başqa xəstəliklərə yol açır. Bunun kökü və səbəbi var. Biz hər bir insanı fərdi şəkildə müayinə edirik. Piylənmədən əziyyət çəkən insanlar müraciət edir, qan analizləri aparılır, USM müayinəsi olunur, piylənmənin səbəbi araşdırılır, diaqnoz qoyulur və uyğun müalicə təyin edilir. Nəticədə pasienti bu xəstəlikdən xilas etməyə çalışırıq. Ümumiyyətlə, bəzi işbazlar insanların bu həssaslığından sui-istifadə edirlər. Uzun müddət çəki yığan insan bir gün aynaya baxıb vəziyyətin fərqinə varır və tez bir zamanda bu çəkidən qurtulmaq istəyir. Psixologiyada buna “psixoloji oyanıqlıq” deyilir”.
Dietoloq əlavə edib ki, məhz bu həssas nöqtədən istifadə edən şəxslər var ki, sosial şəbəkələrdə heç bir tibbi təhsili, həkimlik diplomu olmayan insanlar sosial media səhifələri açaraq insanları cəlb edirlər:
“Kimisi saxta arıqladıcı dərmanlar satır, kimisi də qeyri-elmi üsullar təklif edir. Bu dələduzlar sosial şəbəkələrdə dietologiya adı altında biznes qururlar və insanlar aldanır. Bəzən də heç bir tibbi savadı olmayan şəxslər sayt reytinqi toplamaq üçün yalançı pəhrizlər təbliğ edirlər: düyü pəhrizi, qarabaşaq pəhrizi, meyvə pəhrizi və s. Bunların hamısı absurddur. Məsələn, meyvə pəhrizi. Meyvə asan həzm olunan karbohidratdır. İnsan sağlam qidalanmaq üçün zülal, yağ, karbohidrat, vitamin və minerallarla balanslı şəkildə qidalanmalıdır. Zülallar heyvani və bitki mənşəli olur. Karbohidratlar isə asan və çətin həzm olunan növlərə bölünür. İnsan gündəlik olaraq bu qida maddələrinin hamısını qəbul etməlidir ki, maddələr mübadiləsi aktiv işləsin, həzm sistemi sağlam olsun, stress hormonları mənfi təsir göstərməsin və ümumi sağlamlıq qorunsun”.
L.Süleymanova meyvə pəhrizinin isə yanlış olduğunu vurğulayıb:
“Gün ərzində yalnız meyvə yemək qaraciyərə ciddi zərər verə bilər. Üstəlik, bu gün genetik modifikasiya olunmuş meyvələr kifayət qədər çoxdur. Sağlam insan fəsilə uyğun, təbii və dərmansız meyvələrə üstünlük verməlidir.Lakin hətta ən sağlam meyvələr belə bütün gün ərzində başqa qida qəbul etmədən yeyildikdə orqanizm üçün zərərli ola bilər. Bu, qaraciyərə və mədəaltı vəzə mənfi təsir göstərə, çəki artımına səbəb ola bilər. Əgər ailədə şəkərli diabetə genetik meyillik varsa, bu halda qanda şəkərin səviyyəsi arta bilər. Bütün günü yalnız meyvə yemək absurddur. Meyvənin də öz qaydası var. Məsələn, axşam yağlı yeməkdən sonra meyvə yemək çox zərərlidir və qandakı pis xolesterinin artmasına səbəb ola bilər”.
Fidan Hacızadə
Sfera.az