Beynəlxalq siyasi gündəmdə ABŞ-nin İrana mümkün hərbi zərbə endirəcəyi ilə bağlı müzakirələr daha da intensivləşib.


 


Regionda artan gərginlik, qarşılıqlı sərt bəyanatlar, hərbi hazırlıqlar və diplomatik kanallarda müşahidə olunan durğunluq bu ehtimallara olan inamı gücləndirir.


 


Belə vəziyyətdə İran hücumdan yayınmaq üçün nə etməlidir? Hansı güzəştlərə getməklə müharibənin qarşısını almaq olar?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva söyləyib ki, ABŞ ilə İran arasında gərginliyin açıq hərbi mərhələyə keçə biləcəyi ehtimalı gücləndikcə, Tehranın əsas problemi hücumun qarşısını necə almaqdan çox, bu riski hansı siyasi davranışla azaltmaqdır:


 



 


"Belə vəziyyətlərdə müharibələr adətən bir qərarla yox, səhv hesablamalar zənciri ilə başlayır. İran üçün ən təhlükəli məqam da məhz budur. Vaşinqtona verilən əsas mesaj hərbi yox, siyasi olmalıdır. Nüvə proqramı ətrafında daha şəffaf mövqe, beynəlxalq nəzarətlə açıq əməkdaşlıq və risk yaradan addımlardan müvəqqəti geri çəkilmə ABŞ üçün “təcili zərbə” arqumentini zəiflədir. Burada söhbət tam geri addımdan yox, gərginliyi aşağı salan fasilə yaratmaqdan gedir. Bu cür addımlar Tehrana vaxt qazandırır və qarşı tərəfi hərbi qərarı əsaslandırmaqda çətin vəziyyətə salır”.


 


Politoloq digər vacib məsələnin İranın regional davranışı olduğundan bəhs edib:


 


“ABŞ üçün İranla birbaşa qarşıdurma təkcə nüvə məsələsi ilə məhdudlaşmır, bölgədəki təsir şəbəkələri və gərginlik ocaqları da bu hesablamaya daxildir. Qırmızı dəniz, İraq, Suriya və Livan istiqamətlərində gərginliyin azaldılması Vaşinqtonun təhlükə qavrayışını yumşalda bilər. Bu kontekstdə güzəşt anlayışı zəiflik kimi yox, müharibədən yayınmaq üçün rasional seçim kimi oxunmalıdır. İran nə qədər hərbi ritorikanı aşağı salıb diplomatik kanalları açıq saxlayarsa, münaqişənin hərbi mərhələyə keçməsi bir o qədər çətinləşər. Çünki müharibə tərəflərin gücünü yox, siyasi manevr imkanlarını məhdudlaşdırır və İran üçün bu mərhələnin başlanması uduşlu ssenari deyil”.


 


Fidan Hacızadə


Sfera.az