Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyinə ümid edir.


 


Konfransda Azərbaycan iştirak etməlidirmi?


 


Siyasi şərhçi Ülviyyə Zülfiqar mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, beynəlxalq platformalarda, xüsusilə BMT çərçivəsində keçirilən tədbirlərdə tərəflərin bir araya gəlməsi son illər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması kontekstində diqqətlə izlənən məqamlardandır:


 



 


“Azərbaycanın COP17-də hər hansı mümkün iştirakı ilk növbədə ölkənin qlobal ekoloji gündəlikdə fəal mövqeyinin davamı kimi qiymətləndirilməlidir. Ölkəmiz iqlim dəyişiklikləri və ətraf mühitlə bağlı beynəlxalq təşəbbüslərdə aktiv rol oynadığını nümayiş etdirib və bu baxımdan tədbirin keçiriləcəyi ölkədən asılı olmayaraq, COP platformaları qarşılıqlı maraq dairəsindədir. Digər tərəfdən, COP17 kimi tədbirlər qeyri-siyasi mövzular üzərindən dialoqun qorunub saxlanılması baxımından faydalı mexanizm ola bilər. Ətraf mühit, biomüxtəliflik və iqlim məsələləri region üçün ortaq çağırışlardır və bu sahədə əməkdaşlıq potensialı mövcuddur. Azərbaycan dəfələrlə bəyan edib ki, regional əməkdaşlıq qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında mümkündür və ekoloji mövzular bu kontekstdə texniki dialoq üçün uyğun sahələrdən biridir”.


 


Ülviyyə Zülfiqar əlavə edib ki, əgər bu tip platformalar qarşılıqlı etimadın formalaşmasına töhfə verərsə, bu, regionda sabitlik üçün müsbət amil ola bilər, əks halda isə sadəcə diplomatik ritorika səviyyəsində qala bilər:


 


“Eyni zamanda məlumdur ki, regionda uzunmüddətli sabitliyin təmin olunmasına, qarşılıqlı etimadın formalaşmasına və əməkdaşlıq mühitinin dərinləşməsinə xidmət edən təşəbbüslər hər zaman Azərbaycan tərəfindən müsbət qarşılanır və dəstəklənir. Rəsmi Bakı konstruktiv dialoqa, beynəlxalq hüquq prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan addımların Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik üçün vacib olduğunu dəfələrlə bəyan edib”.


 


Fidan Hacızadə


Sfera.az