Sosial media fenomeni Kerimcan Durmazın insanların qanunsuz mərc oyunlarında iştirakına təşviq edilməsi ilə bağlı məhkəmə prosesi davam edir.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, İstanbul 23-cü Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən son iclasda dövlət ittihamçısı iş üzrə rəyini açıqlayıb. Prokuror, Durmazın “reklam və digər vasitələrlə şəxsləri idman yarışlarına əsaslanan sabit əmsallı və ya qarşılıqlı mərc oyunlarında iştirak etməyə təşviq etmək” maddəsi üzrə 1 il 3 aydan 5 il 3 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib.


 


Qeyd edək ki, Kerimcan Durmaz ötən il 8 yanvarda həbs olunmuş, 20 fevralda isə həmin ittiham üzrə azadlığa buraxılmışdı. Məhkəmə iclasında hər iki tərəfin vəkilləri iştirak edib. Məhkəmə aralıq qərarını elan edərək iclası təxirə salıb və təqsirləndirilən şəxsə prokurorun rəyinə qarşı müdafiə hazırlaması üçün vaxt verib.


 


İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında “Sports Toto” Təşkilatı “cinayət qurbanı”, Kerimcan Durmaz isə “şübhəli” kimi göstərilib. İttihamnamədə Durmazın qanunsuz mərc saytlarının reklamlarında bilərəkdən yer aldığı, geniş izləyici kütləsinə malik olması səbəbilə bu fəaliyyətin cəmiyyət üçün təhlükə yaratdığı, qanunsuz mərc və qumarı normallaşdırdığı vurğulanıb.


 


Fidan Hacızadə


Sfera.az