Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Rusiya Federasiyasına səfər edəcək. Səfərin 28 yanvar tarixinə planlaşdırıldığı bildirilir. Moskvada Əhməd əl-Şaraa Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Səfərin təfərrüatları açıqlanmayıb.
Təfərrüatlar açıqlanmasa da bu səfər öncəsi Suriyada yerləşən 2 rus hərbi bazasından texnikanın çıxarılması müşahidə edilir. Ehtimal olunur ki, danışıqlarda Rusiya bazalarının taleyi müzakirə ediləcək.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Suriyada bütünləşmə prosesi gedir.
Politoloq qeyd edib ki, həm Suriya, həm də Türkiyə bütün ölkənin Suriya mərkəzi hökümətinin hakimiyyətinə keçməsində, mülki və hərbi qurumların Suriya dövlətinin həm inzibati idarəetmə, həm də ordusuna inteqrasiya olunmasında israrçıdır:
"Bu kontekstdə Suriyanın şimalında Rusiyanın da nəzarətdə saxladığı bir aerodrom var. Bu, öncə baza olaraq istifadə olunurdu, artıq bu bazanın Rusiya tərəfindən boşaldılması prosesi başlanılıb. Bu məsələlər ciddi müzakirə predmeti olacaq. Əlbəttə, Suriya höküməti ərazi bütövlüyünün bərqərar olunması və suverenliyinin bütün ərazilərinə sirayətetmə siyasətinə Rusiyanın dəstəyini də istəyər. Bu məsələ də önəmlidir. Eyni zamanda, Rusiyanın Latakiya və Tartus limanlarında da çox ciddi bazaları var. Onlarla bağlı məsələ tam olaraq həllini tapmayıb, çünki qarşılıqlı istəklər var. Bu istəklər fonunda hələlik Rusiya hakimiyyəti Suriya hökümətinin tələblərini yerinə yetirmir. Suriya höküməti cinayətkar Bəşər Əsədin Suriya dövlətinə təhvil verilməsini istəyir. Rusiya isə bu məsələyə müsbət baxmır. Yenidən baza məsələsi gündəmə gələ bilər”.
Firuzə Əliyeva
Sfera.az