48 yaşlı reper və iş adamı, illərdir “dəli” kimi təqdim olunan və Kim Kardaşyanın keçmiş həyat yoldaşı Kanye Uest “Wall Street Journal”ın bazar ertəsi buraxılışında bir səhifəlik açıq üzrxahlıq məktubu dərc etdirib. “İncitdiyim şəxslərə” adlı məktubun dərc xərclərini onun “Yeezy” brendi ödəyib.




Sfera.az xəbər verir ki, illərdir qeyri-sabit davranışları və açıq antisemit çıxışları ilə gündəmdə olan Kanye Uest ilk dəfə olaraq hərəkətlərinə görə açıq şəkildə üzr istəyib. O, davranışlarının ağır psixi pozğunluqla əlaqəli olduğunu bildirib.




Məktubda Uest qeyd edib ki, 1-ci tip bipolyar pozğunluq onun davranışlarının nəzarətdən çıxmasına və antisemitizmə meyil göstərməsinə səbəb olub. Reper yazısına 2002-ci ildə keçirdiyi ağır avtomobil qəzasını xatırlatmaqla başlayıb. Həmin qəza zamanı çənəsinin sındığını və beyninin sağ ön hissəsinin zədələndiyini bildirən Uest, daxili nevroloji fəsadların uzun müddət aşkar edilmədiyini, yalnız 2023-cü ildə dəqiq diaqnoz qoyulduğunu vurğulayıb. Onun sözlərinə görə, bu tibbi gecikmə psixi sağlamlığına ciddi zərər verib və nəticədə bipolyar pozğunluq inkişaf edib.




Uest xəstəliklə bağlı yaşadıqlarını, xüsusilə manik epizodlar zamanı reallığı düzgün dəyərləndirmək qabiliyyətini itirdiyini ətraflı təsvir edib. O qeyd edib ki, bu hallarda insana elə gəlir ki, ətrafdakılar hər şeyi şişirdir, özü isə dünyanı “həmişəkindən daha aydın” görür. Halbuki əslində tam nəzarətsiz vəziyyət yaranır.

Xatırladaq ki, Kanye Uest dəfələrlə antisemit açıqlamalarla gündəmə gəlib. 2022-ci ildə yəhudi icmasını hədəf alan çıxışlarından sonra “Adidas” şirkəti onun “Yeezy” brendi ilə əməkdaşlığını dayandırıb. 2025-ci ildə isə keçmiş “Yeezy” əməkdaşı Uesti özünü Adolf Hitlerlə müqayisə etməkdə, yəhudi mənşəyinə görə onu hədələməkdə və rəhbərliyə şikayətdən sonra işdən çıxarmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə Uestə 76 min dollardan artıq vəkillik xərcləri ödəmək öhdəliyi qoyub, iş isə dayandırılıb.




Elə həmin il reper açıq şəkildə Sean Combs-u müdafiə edib və sosial şəbəkələrdə Hitleri tərifləyən antisemit paylaşımlar edib. Bu hadisələrdən sonra onun “33&West” agentliyindəki agenti Daniel Makkartni Uestlə əməkdaşlığı dayandırıb.




Açıq məktubunda Kanye Uest illərdir ona “dəli” damğası vurulduğunu, ruhi xəstəliyinin lağ obyektinə çevrildiyini bildirib. O vurğulayıb ki, bu münasibət özünü dəyərsiz hiss etməsinə və həyatın mənasını itirməsinə səbəb olub. Reper Ümumdünya Səhiyyə Təşkilatı və Kembric Universitetinin məlumatlarına istinad edərək, bipolyar pozğunluğu olan insanların ömür uzunluğunun daha qısa ola biləcəyini qeyd edib və xəstəliyin ciddiliyini önə çəkib.




Uest etiraf edib ki, xəstəlik onda hər şeyə qadirlik illüziyası yaradıb və bu səbəbdən uzun müddət kömək istəməyin vacibliyini qəbul etməyib.




“Reallıqla əlaqəni itirmişdim”, – deyə o yazıb. Onun sözlərinə görə, hər diqqətdən kənarda qalan epizod vəziyyəti daha da ağırlaşdırıb və bundan ən çox yaxınları zərər çəkib.




Reper məktubunda bildirib ki, psixi pozğunluq onu nasist simvollarından, o cümlədən bir müddət məhsullarında istifadə etdiyi svastikadan yararlanmağa sövq edib. O, bunu son dərəcə zəif mühakimə və ehtiyatsız davranışın nəticəsi adlandırıb, həmin dövrdə etdiyi bəzi hərəkətləri xatırlamadığını da əlavə edib.




“Bu vəziyyətdə etdiklərimə görə çox peşmanam və utanıram. Müalicə və real dəyişiklik üçün məsuliyyəti üzərimə götürürəm. Bu, hərəkətlərimə bəraət qazandırmır. Mən nasist və ya antisemit deyiləm. Yəhudi xalqını sevirəm”, – deyə Kanye Uest yazıb.




Uest həmçinin həyat boyu onu dəstəklədiyini vurğuladığı qaradərili icmadan ayrıca üzr istəyib. Onları ruhdan saldığına görə təəssüf etdiyini bildirən reper, bu icmanın onun şəxsiyyətinin formalaşmasında əsas rol oynadığını qeyd edib.




Məktubda 2025-ci ildə yaşadığı dörd aylıq dövrə də toxunan Uest həmin zamanı uzun sürən psixotik, paranoid və impulsiv davranışlarla müşayiət olunan ağır manik epizod kimi təsvir edib. O, həmin müddətdə intihar düşüncələrinin olduğunu da etiraf edib. Reper emosional çöküşdən sonra onu müalicə üçün kömək istəməyə inandıranın hazırkı həyat yoldaşı Bianka Sensori olduğunu bildirib.


 


Aynil