Aviasiya bir çox sahəni birləşdirən ən mürəkkəb və məsuliyyətli sahələrdən biridir. Statistik göstəricilərə əsasən təyyarələr ən təhlükəsiz nəqliyyat vasitələri hesab edilsə də, bəzən baş verən qəzalar bu statistikanı alt-üst edir və qorxu filmlərini xatırladan səhnələr yaradır.




Sfera.az film səhnələrinin heç də şişirdilmədiyini sübut edən ən inanılmaz təyyarə qəzalarını təqdim edir.




Bir müddət əvvəl “Instagram”da fəaliyyət göstərən “Aviation Fails” səhifəsində bu cür qəzaların dəhşətli görüntüləri paylaşılırdı. Hazırda səhifə bağlansa da, bu gün həmin platformada yayımlanmış ən təəccüblü hadisələrdən bəzilərini xatırladırıq. Qəzaların səbəbləri videoların izah hissəsində qeyd olunub.




11 dekabr 2013-cü il, Havay — Okeana məcburi eniş




Havay adaları arasında hər gün saysız-hesabsız kiçik sərnişin təyyarələri uçuşlar həyata keçirir. 13 il əvvəl baş verən Cessna 208B qəzası da onlardan biri idi. Kalaupapa adası yaxınlığında təyyarə qəfil mühərrik gücünü itirib və okeana məcburi eniş edib. Zahirən yumşaq eniş təsiri bağışlasa da, nəticələr ağır olub: pilot və 3 sərnişin ağır, 5 sərnişin isə yüngül xəsarət alıb. Təyyarə isə okeanın dibinə batıb.




26 iyun 1988-ci il, Fransa — “Airbus A320” meşəyə çırpıldı




“Air France” aviaşirkətinin 296 saylı nümayiş uçuşu “Airbus A320” təyyarəsinin ilk uçuşlarından biri idi. Təyyarənin sistemlərinin əksəriyyəti kompüterlə idarə olunurdu və bu, dövrü üçün inqilabi hesab edilirdi. Sərnişinlərin böyük hissəsi jurnalistlərdən ibarət idi.




Paris hava limanından havaya qalxan təyyarə Habsheim hava limanına enməli idi. Pilotlara az tanış olan bu hava limanının uçuş-enmə zolağının qarşısında sıx ağaclıq yerləşirdi. Pilotlar ağaclardan yayınmaq üçün lazımi hündürlüyü qoruya bilməyib və təyyarə meşəyə çırpılıb. Yarpaqlar və budaqlar mühərriklərə ziyan vurub, nəticədə baş verən partlayışlarda 3 sərnişin həlak olub. Hadisədə pilotların səhvi ilə yanaşı, kompüter sistemlərindəki problemlər də müzakirə edilib.


 




6 mart 1953-cü il — Pilotun çəkdiyi son görüntülər




Pilot Tomas L. MakQrou tərəfindən lentə alınan bu kadrların günümüzə qədər gəlib çıxması möcüzə sayılır. Video bombardmançı təyyarədaşıyan gəmiyə eniş zamanı çəkilib. Eniş əsnasında bombalardan biri yerə düşərək partlayıb. Qəza nəticəsində 14 nəfər yaralanıb, MakQrou və iki dənizçi isə həlak olub.

23 oktyabr 2018-ci il, Kaliforniya — “GTA V” səhnəsi deyil




46 yaşlı pilot T-6 təyyarəsini idarə edərkən mühərrik gücünü itirib. Magistral yolda məcburi eniş etməyə çalışan pilot nəzarəti itirib və maneələrə çırpılıb. Təyyarə tamamilə məhv olsa da, pilot xəsarət almadan xilas olub.


 




12 iyun 1999-cu il, Rusiya — Döyüş təyyarəsi manevr zamanı yerə çırpıldı




“Su-30MKI” qırıcı təyyarəsinin pilotları manevr zamanı gözlənilmədən yerə toxunub. Zədələnmiş təyyarə cəmi 30 metr hündürlüyə qalxa bilib. Pilotlar vaxtında katapult edərək həyatlarını xilas ediblər. Onlar xəstəxanaya yerləşdirilsə də, ertəsi gün evə buraxılıblar.


 




İyul 2010-cu il, ABŞ — Pilot saniyələrlə ölümdən qaçdı


 




Kapitan Brayan Byuzlar “CF-18” qırıcı təyyarəsində çətin manevr edərkən mühərriklər arasında itələmə balansı pozulub. Təyyarə partlayışa yaxın anlarda pilot katapult etməyə nail olub və sağ qalıb.


 




4 fevral 2015-ci il — Texniki səhlənkarlığın faciəli nəticəsi




“TransAsia Airways” şirkətinin 235 saylı reysi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 43 nəfər həlak olub, 14 nəfər yaralanıb. Araşdırmalar qəzanın səbəbinin qeyri-kafi texniki xidmət olduğunu ortaya qoyub. Şirkət bu faciədən sonra 2016-cı ildə fəaliyyətini dayandırıb.


 




28 iyul 2010-cu il, ABŞ — C-17-nin ilk ölümcül qəzası




Alyaskada havaya qalxan C-17 hərbi nəqliyyat təyyarəsi qısa müddət sonra nəzarətdən çıxaraq qəzaya uğrayıb. “Boeing” istehsalı olan bu təyyarə üçün ilk ölümcül qəza kimi tarixə düşən hadisədə 4 hərbçi həyatını itirib.




23 noyabr 1996-cı il — Qaçırılan “Boeing 767” okeana düşdü




Efiopiya Hava Yollarının 961 saylı reysi üç silahlı sərnişin tərəfindən qaçırılıb. Onlar üzərlərində bomba olduğunu bildirərək təyyarənin Avstraliyaya uçmasını tələb ediblər. Yanacaq çatışmazlığı səbəbilə pilot Komor adalarına doğru yönəlib.




Pilotla quldurlar arasında baş verən dava nəticəsində eniş uğursuz alınıb və təyyarə sahildən təxminən 500 metr aralıda dayaz sulara düşüb. Sol qanadın əvvəlcə suya toxunması faciəni qaçılmaz edib. Nəticədə 175 sərnişindən 125-i, o cümlədən 3 quldur həyatını itirib.


 


Aynil