Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, Moskvanın “Dinamo” klubunun yarımmüdafiəçisi Denis Makarov karyerasını Türkiyənin “Kayserispor” komandasında davam etdirəcək.
Sfera.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə imzalanan müqavilə cari mövsümün sonuna qədər qüvvədə olacaq.
Makarov 2021-ci ilin avqust ayından etibarən “Dinamo”nun formasını geyinirdi. O, bu mövsüm bütün turnirlər üzrə 12 oyunda meydana çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçu 2025-ci ilin dekabr ayının əvvəlində Rolan Qusevin komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə “Dinamo”dan ayrılacağını açıqlamışdı. Daha sonra klub rəhbərliyi Valeri Karpinin gedişindən sonra baş məşqçi vəzifəsini icra edən Qusevin mövsümün sonunadək “ağ-göylər”i çalışdırmağa davam edəcəyini təsdiqləmişdi.
Hazırda “Kayserispor” Türkiyə çempionatında 19 turdan sonra topladığı 15 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Niyaz Hacıyev
Sfera.az