Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiyaya qarşı təzyiqləri daha da gücləndirəcəyini bəyan edib. Onun sözlərinə görə, bu istiqamətdə siyasi, iqtisadi və diplomatik addımlar gündəmdədir. Zelenski bu barədə “Telegram” kanalındakı çıxışında danışıb.
Belə olduqda sual yaranır: Avropa Rusiyaya qarşı təzyiqləri necə gücləndirə bilər?
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa ölkələri və Ukrayna arasında əldə olunan razılaşmalara əsasən, ABŞ-nin Ukraynaya dəstəyi azalacağı təqdirdə Avropa ölkələri imkanları daxilində bu dəstəyi davam etdirməyi öhdələrinə götürüblər.
Onun sözlərinə görə, son dövrlərdə bu mövzuda müəyyən fərqli fikirlər də səsləndirilir:
“Lakin bütün hallarda Avropa İttifaqı Ukraynanın müdafiə olunmasında və ayaqda qalmasında maraqlıdır. Çünki Avropa ölkələri anlayır ki, Ukraynanın Rusiyanın təzyiqləri qarşısında mövqeyini qoruması eyni zamanda Avropanın təhlükəsizliyi üçün mühüm amildir. Hazırda Avropa ölkələrinin göstərdiyi dəstək Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatları aparmasına deyil, əsasən müdafiə qabiliyyətinin gücləndirilməsinə, yeni ərazilərin işğalının qarşısının alınmasına və Rusiyanın planlarının pozulmasına yönəlib. Mövcud şəraitdə Ukraynanın Rusiyanı işğal etdiyi bütün ərazilərdən çıxarmaq imkanları məhduddur və bu, hazırda real görünmür”.
Politoloq vurğulayıb ki, Avropanın atdığı addımlar müharibənin gedişinə müəyyən təsir göstərə bilər:
“Bu addımlar Ukraynanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, Rusiyanın həm hərbi, həm də iqtisadi potensialına mənfi təsir edir. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları genişləndirməsi, xüsusilə də 2027-ci ilin sonunadək Rusiya enerji resurslarının alınmasının tam dayandırılması ilə bağlı qərarı Moskva üçün ciddi iqtisadi zərbə hesab olunur. Nəzərə alsaq ki, müharibədən əvvəl Rusiya hər il Avropa bazarlarına 170–180 milyard kubmetr qaz ixrac edirdisə, hazırda bu rəqəm təxminən 15 milyard kubmetrə enib. Bu, Rusiya iqtisadiyyatına və onun müharibə imkanlarına ciddi təsir göstərir. Eyni zamanda Avropa ölkələrinin Ukraynaya maliyyə və hərbi yardımı Kiyevin bu təcavüzə qarşı dirəniş gücünü artırır. Lakin bütün bunlara baxmayaraq, yalnız Avropanın göstərdiyi dəstək hesabına müharibənin yaxın zamanda başa çatması real görünmür. Hazırkı vəziyyətdə tərəflərdən heç biri həlledici üstünlük əldə edə bilmir və ABŞ-nin bu məsələdə daha fərqli, nisbətən bitərəf mövqe sərgiləməsi fonunda münaqişənin qısa müddətdə bitməsi ehtimalı azdır”.
Niyaz Hacıyev
Sfera.az