Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Departamenti ölkədə sığınacaq müraciətlərinin artmasının qarşısını almaq məqsədilə Dünya Kubokuna səyahət edən xarici vətəndaşlar üçün viza prosedurlarını sərtləşdirib.
Sfera.az xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.
Departamentin sözçüsü İzabel Dubois bildirib ki, çempionat matçları sığınacaq üçün əsas təşkil etmir və nazirlik bütün potensial müraciətləri yaxından izləyəcək. O əlavə edib ki, oyun biletlərinə sahib olmaq vizaya zəmanət vermir: "Sərhəd nəzarəti rəsmiləri, əgər iştirakçıların turnirdən sonra vətənlərinə qayıtmaq niyyəti olmadığına şübhələnərsə, onların girişinə icazə verməyə bilər".
Qəzet xatırladıb ki, Eritreya daha əvvəl milli futbol komandasını Dünya Kuboku seçmə oyunlarında iştirakdan kənarlaşdırmışdı, çünki oyunçuların səyahət zamanı başqa ölkələrdə sığınacaq almağa cəhd edə biləcəyindən narahat idi. Həmçinin, 2010-cu ildə Kanadada keçirilən Vankuver Qış Olimpiya Oyunları zamanı doqquz ölkədən 22 nəfər sığınacaq üçün müraciət etmişdi.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək və ilk dəfə olaraq 48 komanda turnirdə iştirak edəcək.
Niyaz Hacıyev
Sfera.az