Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə yayımladığı təbrik mesajında bildirib ki, ölkənin silah və hərbi texnika əldə etməsi bir sıra hallarda beynəlxalq tərəfdaşlar tərəfindən rədd edilib.
Onun sözlərinə görə, buna səbəb tərəfdaşların satılan silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə olunmayacağına dair kifayət qədər təminat ala bilməməsi olub.
Ermənistanın silah alışına beynəlxalq tərəfdaşların etimadsızlığının əsas səbəbi nədir? Silahların sərhəddən kənarda istifadə olunacağı qorxusu nə dərəcədə realdır?
Siyasi şərhçi Polad Mehdiyev məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın etirafı əslində Ermənistanın silahlanma sahəsində niyə etibarlı tərəfdaş kimi qəbul edilmədiyini açıq şəkildə göstərir:
“Beynəlxalq silah ixracatçıları üçün əsas problem Ermənistanın keçmiş davranış modelidir. Uzun illər ərzində silahların beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda, yəni Azərbaycanın işğal altında olan ərazilərində istifadə edilməsi faktı bu ölkəyə qarşı dərin etimadsızlıq yaradıb. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsuliyyət riski deməkdir və heç bir silah ixrac edən dövlət belə riskləri üzərinə götürmək istəmir. Silahların yenidən sərhəddən kənarda istifadə oluna biləcəyi qorxusu isə tamamilə realdır. Ermənistan cəmiyyətində və siyasi sistemində revanşist düşüncələr hələ də qalmaqdadır, sülh prosesi institusional baxımdan tam möhkəmlənməyib və təhlükəsizlik konsepsiyası uzun müddət hücum və qarşıdurma üzərində qurulub. Bu şəraitdə beynəlxalq tərəfdaşların verdikləri silahların regionda yeni gərginlik yaratmayacağına dair təminat almaması təbiidir”.
P.Mehdiyev bu mənzərənin formalaşmasında Azərbaycanın son illərdə apardığı prinsipial siyasətin də mühüm rol oynadığını vurğulayıb:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüquqa əsaslanan yeni regional reallıq yaradıb, ərazi bütövlüyünü təmin edib və sülh gündəliyini irəli sürüb. Məhz bu mövqe nəticəsində Ermənistanın silahlanma cəhdləri artıq “müdafiə” arqumenti kimi qəbul edilmir, regional sabitlik üçün potensial risk kimi qiymətləndirilir. Bu baxımdan Ermənistanın üzləşdiyi məhdudiyyətlər həm də beynəlxalq hüquq və yeni güc balansının məntiqi nəticəsidir”.
Fidan Hacızadə
Sfera.az