Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas NATO-nun getdikcə daha çox Avropa mərkəzli bir təşkilata çevrilməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, bu kontekstdə Avropa Birliyi ilə Şimali Atlantika Alyansının daha sıx inteqrasiyasını müdafiə edib.
Kallas qeyd edib ki, ABŞ diqqətini Asiya-Sakit Okean regionuna və Çinlə qarşıdurmaya yönəltdiyi bir vaxtda Avropa öz təhlükəsizliyinə daha böyük məsuliyyət götürməlidir. Onun sözlərinə görə, NATO-nun gücünü qoruması üçün alyans Avropa təşkilatına çevrilməlidir.
“ABŞ getdikcə diqqətini Avropadan kənara yönəldir. NATO gücünü qorumaq üçün daha çox Avropa təşkilatına çevrilməlidir. Avropa buna nail olmaq üçün hərəkətə keçməlidir”, – deyə Kallas Brüsseldə Avropa Müdafiə Agentliyinin konfransında çıxışı zamanı vurğulayıb.
Nazir xatırladıb ki, hazırda 23 ölkə həm ittifaqın, həm də NATO-nun üzvüdür və bu vəziyyət iki struktur arasında koordinasiya üçün xüsusi məsuliyyət yaradır. O, Avropa İttifaqı və NATO sistemlərinin daha sıx əlaqələndirilməsinə, alyansın Avropa komponentinin gücləndirilməsinə və hərbi səylərin tədricən ABŞ-dən Avropaya ötürülməsinə çağırıb.
Niyaz Hacıyev
Sfera.az