Sosial şəbəkələrdə Azərbaycan futbolunun növbəti böyük sınağı ilə bağlı müzakirələr səngimir. Azarkeşlər və futbol ictimaiyyəti “Liverpul” - “Qarabağ” qarşılaşmasının mümkün nəticəsi ilə bağlı fərqli proqnozlar irəli sürür, bəziləri sensasiya gözlədiyini, digərləri isə realist ssenarilərdən danışır. Hər kəsin öz hesablaması, öz ehtimalı var. Məhz bu fonda Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyan tarixi bir gecə yaxınlaşır.
Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur oyununda İngiltərənin nəhəng klubu “Liverpul”la üz-üzə gələcək. Bu qarşılaşma təkcə bir oyun deyil, həm də “Qarabağ”ın Avropa səhnəsindəki mövqeyini və iddiasını müəyyənləşdirən ciddi sınaq kimi dəyərləndirilir.
Maraqlıdır, bu tarixi qarşılaşmada necə bir nəticə gözlənilir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən futbol şərhçisi Ramiz Mirzəzadə bildirib ki, bu bizim üçün çox önəmli və əhəmiyyətli qarşılaşmadır.
Onun sözlərinə görə, “Qarabağ”ın bu günə qədər olan çıxışı komandanın ilk 24 komanda arasında düşməsinə imkan yaratsa da “Liverpul”a qarşı hazırlıq xüsusidir:
“İngiltərədə komandamız layiqli çıxış etməyə çalışacaq. Bu ciddi sınaqdır. “Liverpul”da ciddi problemlər var. Oyunçularda zədələrin olması və baş məşqçinin uğursuz nəticələri hələ də qalır. Bu ehtimallar olsa belə, “Liverpul”un oyunçu heyətinin keyfiyyət baxımından üstün olması ikili mübarizədə onu uğurlu edir. Arzulayaq ki, “Qarabağ” bu oyunda da inamla çıxış edərək vətənə qayıdar. Çətin də olsa, inanıram ki, Qurban Qurbanovun futbolçuları bu səfərdə əllərindən gələni əsirgəməyəcək”.
Firuzə Əliyeva
Sfera.az