Son günlər mediada və rəsmi mənbələrdə uşaq qidaları ilə bağlı ciddi xəbər yayılıb. “Nestle”, “Danone” və “Lactalis” kimi markaların bəzi süni uşaq qidalarında zərərli maddələr və çirkləndiricilər aşkar edilib və nəticədə 60-dan çox ölkədə 800-dən artıq məhsul partiyası geri çağırılıb.


 


Bildirilib ki, bu qidalar uşaqlarda qusma, ishal və qarın ağrısı kimi əlamətlərə səbəb olub. Azərbaycanda da bu məhsullardan istifadə olunur və valideynlər haqlı olaraq narahatlıq keçirirlər.


 


Uşaq qidalarında aşkar olunan çirkləndiricilər hansı problemlərə səbəb ola bilər? Belə simptomlar müşahidə olunduqda ilk addımlar nə olmalıdır? Ümumiyyətlə, uşaqlara qida alarkən hansı kriteriyalara diqqət edilməlidir?


 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov uşaq qidaları ilə bağlı riskləri düzgün anlamağı və panikaya düşmədən doğru addım atmağın vacib olduğunu bildirib. Onun sözlərinə əsasən, uşaq qidalarında aşkar olunan zərərli maddələr, xüsusilə körpə və azyaşlı uşaqlarda müxtəlif problemlər yarada bilər:


 



 


“Süni və ya sənaye üsulu ilə hazırlanmış uşaq qidalarında bəzən mikrobioloji çirklənmə (məsələn, Salmonella, Cronobacter), kimyəvi qalıqlar, ağır metallar, pestisidlər, uyğunsuz əlavələr və ya istehsal zamanı çirklənmə halları qeydə alına bilər. Bu maddələr körpələrdə qusma, ishal, qarın ağrısı, susuzlaşma, dehidratasiya, qızdırma və halsızlıq, nadir hallarda isə bağırsaq infeksiyaları və immun sisteminə yük kimi problemlərə səbəb ola bilər. Körpələrin orqanizmi hələ tam inkişaf etmədiyi üçün risk böyüklərlə müqayisədə daha yüksəkdir. Valideynlər uşaq qidasından sonra təkrar qusma və ya sulu ishal, qarında ağrı, köp, narahatlıq, qızdırma, iştahsızlıq, halsızlıq, sidiyin azalması və ağız quruluğu kimi əlamətlərə diqqət etməlidirlər. Bu simptomlar xüsusilə qidanın qəbulundan qısa müddət sonra başlayırsa, qida mənşəli problem ehtimalı artır”.


 


Mütəxəssis  uşaq qidaları seçərkən atılmalı olan vacib addımlardan da danışıb:


 


“Belə hallarda ilk addım olaraq şübhəli qidanın verilməsi dərhal dayandırılmalıdır. Uşağın maye qəbulu artırılmalı, susuzlaşmaya yol verilməməlidir. Simptomlar yüngül olsa belə, pediatra müraciət etmək məsləhətdir. Qusma, ishal şiddətlidirsə, qızdırma yüksəlirsə və ya uşaq çox halsızdırsa, gecikmədən tibbi yardım alınmalıdır. Mümkünsə istifadə olunan məhsulun adı və partiya məlumatı saxlanılmalıdır. Uşaq qidası alarkən valideynlər etiket oxunuşuna diqqət etməli, tərkibi sadə və aydın olan məhsullara üstünlük verməlidirlər. Məhsulun uşağın yaşına uyğun olması vacibdir. Tarixi keçmiş və ya qablaşdırması zədələnmiş məhsulları almamaq lazımdır. Etibarlı, rəsmi şəkildə satılan məhsullara üstünlük verilməli, bəzi hallarda isə ev şəraitində hazırlanmış alternativlər (pediatr və ya nutrisoloq məsləhəti ilə) daha təhlükəsiz seçim ola bilər. Əsas məsələ məlumatlı olmaqdır. Hər sənaye məhsulu risklidir demək düzgün deyil, amma valideyn diqqəti və düzgün seçim uşaqların sağlamlığını qorumaqda ən güclü faktordur”.


 


Bəsti Rəfizadə


Sfera.az