Son illər sağlam həyat tərzinin ayrılmaz hissəsi kimi təqdim olunan bitki çaylarının nəzarətsiz və uzunmüddətli istifadəsinin müəyyən sağlamlıq problemlərinə yol aça biləcəyi barədə mütəxəssislər xəbərdarlıq edirlər.
Sfera.az xəbər verir ki, “təbii” hesab edilən bu çaylar tam zərərsiz deyil və düzgün istifadə olunmadıqda orqanizm üçün risk yarada bilər.
Bitki çaylarının tərkibində müxtəlif aktiv maddələr mövcuddur və bu maddələr xüsusilə qaraciyər və böyrəklərə əlavə yük sala bilər. Yaşıl çay ekstraktı, senna və aloe vera kimi bitkilərin uzun müddət və nəzarətsiz qəbulu toksik təsirlərə və orqan zədələnmələrinə səbəb ola bilər. Bitki çaylarına şəkər, bal və ya bəkməzin qaynar halda əlavə edilməsi onların faydalı xüsusiyyətlərini azaldır. Mütəxəssislər çayların mümkün qədər şəkərsiz içilməsini, balın isə yalnız çay ilıq vəziyyətə gəldikdən sonra və az miqdarda əlavə edilməsini tövsiyə edirlər.
Xroniki xəstəlikləri olan şəxslər üçün bitki çaylarının istifadəsi daha ciddi risklər daşıya bilər. Hipertoniya və ürək-damar xəstəliyindən əziyyət çəkənlərdə biyan kökü tərkibli çaylar arterial təzyiqin yüksəlməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər. Qan durulaşdırıcı dərman qəbul edən şəxslərdə isə adaçayı, zəncəfil, zerdeçal və yaşıl çay qanaxma riskini artıra bilər. Diabet xəstələri üçün darçın və aloe vera kimi bitkilər dərmanlarla birlikdə qəbul edildikdə qan şəkərinin həddindən artıq düşməsinə yol aça bilər.
Həmçinin cərrahi əməliyyatlara hazırlaşan şəxslərə əməliyyatdan ən azı 1–2 həftə əvvəl bitki çaylarının qəbulunu dayandırmaq tövsiyə edilir. Çünki bəzi bitkilər qanaxma riskini artırır və anesteziyanın təsirinə müdaxilə edə bilər. Bitki çayları yalnız həkim və ya mütəxəssis məsləhəti ilə, ölçülü və məqsədəuyğun şəkildə istifadə edildikdə faydalı ola bilər. Əks halda, sağlamlıq üçün gözlənilməz fəsadlar yarana bilər.
Niyaz Hacıyev
Sfera.az